Azərbaycanda məktəbəqədər yaşlı uşaqların yalnız 35 faizə yaxını bu təhsil xidməti ilə əhatə olunub. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
"Son illərdə əhatəlilikdə xeyli irəliləyişlər olsa da, arzulanan səviyyədən uzağıq. Hazırda alternativ modellər üzərində işləyirik. Hədəfimiz 2026-cı ilə qədər bu rəqəmi 50%-ə çatdırmaqdır", - o qeyd edib.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların sayını artırmağın əsas yolu bütün dünyada istifadə olunan dövlət-özəl sektor əməkdaşlığıdır:
“Azərbaycanda artıq bu fəaliyyətə başlanıb. Bu ilin iyun ayında özəl bağçalar üçün qrant proqramı elan edildi. Həmin proqrama əsasən dövlət bağçalarında yer olmadıqda növbədə gözləyən uşaqlar özəl bağçalara yönləndiriləcək. Hazırda 650-dən çox uşaq layihə çərçivəsində özəl bağçalara yerləşdirilib. Hazırda ən uyğun variant budur. Amma Azərbaycanda özəl uşaq bağçalarının çox olmaması bu saya ciddi təsir edə bilməməsinə səbəb olur. Toplamda 148 özəl uşaq bağçası var və onların əksəriyyəti Bakıda yerləşir. Bundan başqa da onların əksəriyyəti özləri fəaliyyət göstərdikləri üçün dövlət tərəfindən yönləndirilən uşaqlara ehtiyac duymur. Dolayısıyla dövlət özəl uşaq bağçalarının açılmasını təşviq etməlidir. Özəl bağçaları çoxalmalıdır ki, dövlət oraya uşaq göndərə bilsinlər.Özəl bağçaların sayı artmasa, dövlət proqramı genişləndirsə belə, istədiyi nəticəni əldə edə bilməyəcək. İlkin mərhələ üçün 1500 uşağın özəl bağçalara göndərilməsi nəzərdə tutulmuşdu. 100 uşaqlı bağçada 80 yer dövlətə verilsə, təqribən 20 uşaq bağçası edir. Gələn bu say 5000 nəzərdə tutulub, bu isə təqribən 55 bağça edir ki, real deyil. Çünki həmin bağçalar hazırda işləyir, çoxunda yerlər doludur. Dövlət hazırda yeni bağçaların açılması üçün özəl bağçaları dəstəkləməlidir. Bu bağçaların xüsusilə regionlarda açılması üçün şərait yaradılmalıdır. Burada problem mövcuddur, bunu yəqin ki, Elm və Təhsil Nazirliyi nəzərə alacaq, yeni bağçaların açılması üçün lisenziya şərtlərini yüngülləşdirəcək və sahibkarları təşviq edəcək”.
O qeyd edib ki, məktəbəqədər yaşda olan uşaqların təhsilini genişləndirmək üçün ikinci model ailə tipli təlim qruplarıdır:
“Bu model Azərbaycanda indiyə qədər tətbiq olunmayıb. 2017-ci ildən Məktəbəqədər Təhsil Haqqında Qanunda bu var. Hətta bununla bağlı Nazirlər Kabinetinin qərarı da var. Amma indiyə qədər icra olunmayıb. Burada məktəbəqədər təhsi üzrə təhsili olan müəllim yaxınlığında olan 5-6 uşaqla öz evində məşğul olur. Ailə tipli təlim qrupları çox unikal layihədir. İcmalarda bunun həyata keçirilməsi çox rahatdır. Sadəcə olaraq burada müəllim öz evini Elm və Təhsil Nazirliyinin standartlarına uyğunlaşdırmalıdır. Əgər normativlər qəbul edilsə, prosedurlar müəyyən olunsa, düşünürəm ki, yaxın günlərdə bununla bağlı elanlar verilə bilər. Bu xüsusilə kənd yerlərində fayda verə bilər. Çünki kəndlərdə bağça açmaq çətindir, amma ehtiyacı olan 5-10 uşaq üçün ailə tipli təlim qrupları təşkil etmək mümkündür.
Rasif Dünyamalıyevin sözlərinə görə, hazırda məktəblərdə təşkil olunan icma əsaslı məktəbəqədər təlim qruplarında 20-dən artıq uşaq prosesə cəlb olunub:
“Bu qruplar da öz effektini verir. Düşünürəm ki, bu qrupların da fəaliyyəti genişləndirilsə yaxşı olar. Xüsusən qəsəbələrdə işləməyən analar üçün bu şərait daha uyğundur. Qeyd etdiyim 3 vasitə ilə ciddi şəkildə irəliləyiş etmək olar. Bunlardan ən əsası uşaq bağçalarının artırılmasıdır. Çünki qadınlar işləmək istəyir, onlar əmək bazarı üçün potensial işçi qüvvəsidir. Onlar ya evdə qalmağa, ya da uşaqlarını dayələrə, nənə-babalara verməyə məcbur qalırlar. Azərbaycanda bağçalar sırf məktəbəqədər təhsillə məşğul olur. Amma uşaqlara qayğı göstərən mərkəzlər yoxdur. Düşünürəm ki, bunları bu tipli mərkəzlərə çevirə bilərik. Minimum şərtlərlə və kiçik saylarla bunu böyük şəhərlərdən kənarda həyata keçirmək mümkündür. Bunların vasitəsilə göstəriciləri 50%-ə çatdırmaq olar. Amma bu proses sürət tələb edir, prosedurlar zaman apardığı üçün təmin etmək çətinləşir. Dediyimiz layihələri icra edən operativ mərkəzin olmasına ehtiyac var. Yoxsa biz prosedurlarla gedəsi olsaq, bu real deyil. Tender və s yollarla il ərzində 50 uşaq bağçası açmaq mümkün deyil”.