Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən neftdaşıyan tankerə “Kəlbəcər” adı verilib.
Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək.
Xarici sularda istismarı nəzərdə tutulan, unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Kəlbəcər” gəmisi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir.
Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov Turkustan.info-ya açıqlamasında yeni inşa edilən gəminin “Kəlbəcər” adlandırılmasının mühüm hadisə olduğunu bildirib.
Onun sözlərinə görə bu hadisə bir neçə cəhətdən rəmzi məna daşıyır: “Birincisi, işğal altında olan Azərbaycan rayonlarından birinin adını beynəlxalq sularda üzən gəmiyə verilməsinin özü bir təbliğat üsuludur. “Kəlbəcər” adı ilə dünya sularına çıxan gəmi özü ilə bu adın yaratdığı mahiyyəti də, sualları da daşıyacaq. Burada həm işğal faktı, həm də Azərbaycan dövlətinin, Azərbaycan xalqının işğal olunmuş rayonların azad edilməsi ilə bağlı hər bir imkandan yararlanmaq iradəsi əks olunur”.
Millət vəkili bildirir ki, bu hadisə kəlbəcərli köçkünlər tərəfindən böyük rəğbət hissi ilə qarşılanıb: “Dövlətimizin, cənab Prezidentin Kəlbəcər rayonuna, Kəlbəcər adına göstərdiyi bu həssaslıq camaatımızda doğma yurda dönmək inamını bir qədər də gücləndirdi. Mən bu inamın yaradıcısı olan Prezident İlham Əliyevə, eyni zamanda gəminin inşasını həyata keçirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin rəhbəri Rauf Vəliyevə və kollektivinə minnətdarlığımı bildirirəm. “Kəlbəcər” tankerinin heyətinə açıq yol arzu edirəm. Bu ad ölkəmizə xeyirli-uğurlu, Kəlbəcərimizə qovuşmağımıza düşərli olsun.