
Qarabağ və Şərqi Zəngəzura Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin səfəri Ermənistanın bəzi dairələrində növbəti dəfə ciddi narahatlıq yaradıb. Xarici diplomatların Azərbaycanın suveren ərazisində səfər etməsi, burada həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olması və bölgədəki real vəziyyəti yerində müşahidə etməsi tamamilə qanuni və təbii prosesdir. Buna baxmayaraq, Ermənistan cəmiyyətinin müəyyən hissəsində səfərə qarşı səsləndirilən aqressiv fikirlər regionda baş verən dəyişikliklərin hələ də qəbul edilmədiyini göstərir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyi artıq mübahisə predmeti deyil. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır və Ermənistanın özü də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını müxtəlif səviyyələrdə bəyan edib. Belə bir şəraitdə xarici diplomatların Azərbaycanın ərazisində hərəkətinə görə onların hədəfə alınması Ermənistanın özünün verdiyi siyasi bəyanatlarla ziddiyyət təşkil edir. Heç bir dövlət və ya cəmiyyət Azərbaycanın suveren ərazisində xarici diplomatların səfərinə münasibətdə qərar vermək səlahiyyətinə malik deyil. Məsələyə münasibətdə səsləndirilən bəzi fikirlər isə yalnız siyasi narazılıq çərçivəsində qalmır, açıq şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyır. Xarici diplomatların hansı əraziyə səfər etməsi, hansı layihələrlə tanış olması və hansı məlumatları əldə etməsi onların təmsil etdikləri dövlətlərin öz qərarıdır. Bu səfərlər Azərbaycanla beynəlxalq ictimaiyyət arasında münasibətlərin normal xarakter daşıdığını və ölkəmizin ərazi bütövlüyünün qəbul edildiyini bir daha nümayiş etdirir.
Ermənistan cəmiyyətində səfərə qarşı formalaşdırılan reaksiyanın digər istiqaməti isə tarixi-mədəni irslə bağlıdır. Gəncəsər və Xudavəng kimi abidələrin yalnız erməni irsi kontekstində təqdim edilməsi və Azərbaycanın tarixi ərazilərində mövcud olmuş müxtəlif mədəniyyətlərin izlərinin nəzərə alınmaması tarixi reallığın birtərəfli izahına gətirib çıxarır. Qarabağın tarixi çoxqatlıdır və bu ərazilərin keçmişini yalnız etnik qarşıdurma müstəvisində təqdim etmək elmi obyektivliyə uyğun deyil. Qafqaz Albaniyasının tarixi və onun Azərbaycan ərazisindəki mədəni irsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda Qafqaz Albaniyasına aid çoxsaylı tarixi və dini abidələr mövcuddur. Bu irsin Azərbaycan tarixinin mühüm hissəsi kimi təqdim edilməsinə Ermənistan tərəfinin kəskin reaksiya verməsi isə tarixi məsələlərin siyasi müstəvidə qiymətləndirildiyini göstərir. Tarixə elmi yanaşma müxtəlif mənbələrin, faktların və tarixi proseslərin kompleks şəkildə araşdırılmasını tələb edir. Hər hansı tarixi irsin yalnız siyasi maraqlara uyğun şəkildə təqdim edilməsi obyektiv yanaşma sayıla bilməz.
Daha diqqətçəkən məqam isə Ermənistanın öz ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsinə münasibətidir. İndiki Ermənistan ərazisində əsrlər boyu azərbaycanlıların yaşadığı yaşayış məntəqələri, məscidlər, qəbiristanlıqlar və digər mədəni irs nümunələri mövcud olub. Lakin onların əhəmiyyətli hissəsinin dağıdılması, izlərinin silinməsi və ya tarixinin inkar edilməsi ilə bağlı çoxsaylı faktlar mövcuddur. Bir tərəfdən Azərbaycanın ərazisindəki abidələr üzərində iddialar irəli sürmək, digər tərəfdən öz ərazisində Azərbaycan xalqının yaratdığı tarixi-mədəni irsi görməzdən gəlmək açıq ikili standartdır. Mədəni irsə münasibət etnik mənsubiyyətə görə dəyişməməlidir. Əgər hər hansı abidənin qorunması vacibdirsə, onun hansı xalqa və ya dini icmaya aid olmasından asılı olmayaraq qorunması təmin edilməlidir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə tarixi və mədəni abidələrin bərpasına xüsusi diqqət yetirir. Bu proses yalnız Azərbaycan xalqının deyil, bölgənin müxtəlif tarixi dövrlərini əks etdirən irsin qorunmasını da əhatə edir. Ermənistanın isə Azərbaycan xalqının Ermənistan ərazisindəki mədəni izlərinə eyni münasibəti göstərməsi gözlənilən addımdır. Baş verənlər Ermənistan daxilində revanşist düşüncənin hələ də müəyyən siyasi və ictimai dairələrdə mövcud olduğunu göstərir. Xüsusilə bu mövqelərin siyasi müstəvidə səsləndirilməsi narahatlıq doğurur. Ermənistan parlamentinin sədri Ruben Rubinyanın diplomatik səfərlə bağlı açıqlaması da bu baxımdan qəbuledilməzdir. Azərbaycanın suveren ərazisində keçirilən səfərə Ermənistan parlamentinin rəhbəri səviyyəsində münasibət bildirilməsi rəsmi İrəvanın Azərbaycanın daxili işlərinə qarışmamaq prinsipinə əməl etməsi ilə bağlı suallar yaradır.
Sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci ilin sentyabrında baş vermiş hərbi toqquşmalarda həlak olmuş erməni hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də bu ümumi mənzərədən kənarda qiymətləndirilə bilməz. Həmin hadisələrin Ermənistanın hərbi təxribatları fonunda baş verdiyi və Azərbaycanın öz ərazisini müdafiə etmək məcburiyyətində qaldığı məlumdur. Belə hadisələrin siyasi ritorikada qarşıdurma elementləri ilə qabardılması cəmiyyətdə revanşist əhval-ruhiyyənin güclənməsinə xidmət edə bilər. Bütün bunlar Ermənistanın sülh prosesinə münasibətində müəyyən ziddiyyətlərin qaldığını göstərir. Sülhdən danışmaqla yanaşı, Azərbaycanın suverenliyi ilə bağlı narazılıqların ifadə olunması, tarixi iddiaların yenidən gündəmə gətirilməsi və revanşist ritorikanın yayılması sülh mühitinə uyğun deyil. Davamlı sülh yalnız siyasi sənədlərlə deyil, həm də cəmiyyətlərdə yeni reallıqların qəbul edilməsi və qarşılıqlı hörmətin formalaşdırılması ilə mümkündür.
Azərbaycan öz ərazisində yeni reallıq yaradıb və bu reallıq artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, sosial və iqtisadi infrastrukturun yaradılması, tarixi abidələrin bərpası bu reallığın konkret göstəriciləridir. Xarici diplomatların bölgəyə səfəri də məhz bu prosesləri yerində görmək baxımından əhəmiyyətlidir. Ermənistanda müəyyən dairələrin bütün bunlara aqressiv reaksiya verməsi isə yaranmış vəziyyəti dəyişə bilməz. Tarixi saxtalaşdırmaqla, xarici diplomatları təzyiq altında saxlamağa çalışmaqla və revanşist çağırışlarla yeni reallığın qarşısını almaq mümkün deyil. Regionun gələcəyi keçmişin siyasi iddiaları üzərində deyil, suverenliyə hörmət, tarixi həqiqətlərin qəbul edilməsi və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurulmalıdır. Ermənistan üçün əsas seçim də məhz bundan ibarətdir: keçmişin revanşist düşüncəsinə qayıtmaq, yoxsa Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşmasına töhfə vermək. Azərbaycan öz mövqeyini konkret addımları ilə ortaya qoyub. İndi davamlı sülhün təmin olunması üçün Ermənistan cəmiyyətində də tarixi reallıqların və regionda yaranmış yeni vəziyyətin obyektiv şəkildə qəbul edilməsinə ehtiyac var.
Samirə Adəm qızı


