ABŞ-nin tanınmış kino və əyləncə nəşri Collider son illərin ən yaxşı psixoloji trillerlərinin siyahısını hazırlayıb.
Siyahıya tamaşaçını gərginlik içində saxlayan, insan psixikasının qaranlıq tərəflərini göstərən 10 film daxil edilib. Həmin filmlər bunlardır:
1. “Parasite” (2019)
Kasıb bir ailə hiylə ilə varlı ailənin evində müxtəlif işlərə düzəlir. Əvvəlcə hadisələr macəra-komediya təsiri bağışlasa da, getdikcə başqasının həyatına daxil olmaq təhlükəli və qorxunc oyuna çevrilir.
2. “The Invisible Man” (2020)
Qadın qəddar sevgilisindən qaçaraq həyatına yenidən başlamağa çalışır. Lakin tezliklə həmin kişinin hələ də onun ətrafında olduğunu hiss etməyə başlayır. Problem ondadır ki, onu görmək mümkün deyil.
3. “If I Had Legs I’d Kick You” (2025)
Xəstə uşağın anası ailəsini, işini və həyatını nəzarətdə saxlamağa çalışır. Lakin hadisələr ağırlaşdıqca həm ailə münasibətləri, həm işi, həm də qadının psixoloji vəziyyəti tədricən dağılmağa başlayır.
4. “Saltburn” (2023)
Oksfordda oxuyan sadə tələbə varlı tələbə yoldaşının dəbdəbəli malikanəsinə dəvət edilir. Dostluq və başqasının həyatına heyranlıq kimi başlayan münasibətlər qısa müddətdə təhlükəli və sağlam olmayan istiqamət alır.
5. “Uncut Gems” (2019)
Zərgər və qumar aludəçisi olan kişi daim sahib olduğu hər şeyi riskə atır. O, hər dəfə növbəti mərcin onu problemlərdən çıxaracağına inanır, lakin vəziyyət getdikcə daha da ağırlaşır.
6. “Obsession” (2025)
Gənc oğlan sərhədsiz və qarşılıqlı sevgi arzulayır. İstədiyini əldə etdikdən sonra isə bunun düşündüyü qədər gözəl olmadığını çox tez anlayır.
7. “The Menu” (2022)
Bir qrup varlı insan eksklüziv şam yeməyi üçün adadakı qapalı restorana gəlir. Ancaq çox keçmədən məlum olur ki, gecənin əsas sürprizi onların boşqablarında təqdim edilən yeməklər deyil.
8. “One Battle After Another” (2025)
Leonardo DiKaprio, Şon Penn və Benisio del Toro radikalizm, siyasi zorakılıq və keçmişdə verilmiş qərarların ağır nəticələrindən bəhs edən hekayədə bir araya gəlirlər.
9. “The Lighthouse” (2019)
Robert Pattinson və Uillem Defo ucqar mayakda təcrid vəziyyətində qalırlar. Fırtına, alkoqol, hallüsinasiyalar və psixoloji gərginlik onları tədricən dəlilik həddinə gətirir.
10. “Nightmare Alley” (2021)
Xarizmatik fırıldaqçı insanları manipulyasiya etmək sənətinə yiyələnir və daha böyük oyun oynamağa qərar verir. Lakin bir müddət sonra özü düşündüyündən qat-qat təhlükəli oyunun içərisinə düşür.
Siyahıdakı filmlərin hamısı klassik qorxu janrına aid deyil. Onları birləşdirən əsas cəhət psixoloji gərginlik, gözlənilməz hadisələr və tamaşaçını sonadək intizarda saxlayan süjetdir.


