Ölkəmizin bir çox regionlarında işsizlik və asudə vaxtın təşkili problemi mövcuddur. Eyni problem Sumqayıtın 10000 əhalisi olan Corat qəsəbəsində də var və bu deyilənlərə əlavə olaraq qəsəbə gənclərinə daha ağır bir bəla da bulaşıb – narkomaniya.
Corat qəsəbəsinin problemlərinə yaxından bələd olan QHT rəhbəri, narkomaniya üzrə ekspert Emil Maqalov Bizimyol.info vasitəsilə qəsəbənin probelemlərinin həlli üçün təkliflər səsləndirib.“Sumqayıtın 1400 yaşı və 10 000 ə yaxın əhalisi olan, qədim Corat qəsəbəsinin bir neçə təcili həll ediləsi problemləri var.
1. Narkomaniya,
2. İşsizlik,
3. Gənclərin asudə vaxtının səmərəliyi təşkili”.
Ekspertin dediyinə görə, narkomaniya problemininin böyük hissəsini iş yerləri açmaq və səmərəli asudə vaxt təşkili ilə aradan qaldırmaq mümkündür. Bəs iş yerlərini nəyin əsasında qurmaq olar? Emil Maqalovun bu suala da cavabı var.
“Bunun üçün Coratın bir çox əhalisinin əsrlər boyu dənizlə və balıqçılıqla məşğulluğunu nəzərə alıb,
1. Corat ərazisində balıqçılığı bərpa etmək.
2. Corat ərazisində dənizi zəbtdən və hasarlardan azad etmək.
3. Coratlıların öz ərazilərində dənizə azad girişini bərpa etmək.
4. Öz ərazilərinə aid olan hissələrdə məhz Coratlılara, balıq və dəniz məmulatlarına Lisenziya vermək. Onlar isə öz növbəsində həmən öz lisenziyaları əsasında digərlərinə bələdçilik və ya şəriklik edərək iş yerləri və rəsmi balıqçılığı inkişaf etdirmək.
5. Balıqçılıq qayıqçılıq və digər, dənizlə bağlı Dövlət subsidiyalarının verilməsi.
6. Köhnə Corat məktəbini bərpa etmək.
7. Corat ərazisindəki qədim hamamlar və tarixi abidələri bərpa edib, məhz Corat gənclərindən ibarət bələdçi qrup yaradıb, turizmi inkişaf etdirmək lazımdır”
Emil Maqalovun fikrinə görə, gənclərin asudə vaxtının səmərəli təşkili üçün, idman, kompyuter, kitabxana və digər məişət iaşə obyektləri istifadəyə verməklə,bu məsələlərin bir çoxunu həll etmək mümkün olar.
Emil Maqalov yalnız təklif verməklə qalmır, bu yerlərin həyat tərzinə dair yaxşı məlumatı olduğu üçün, eyni zamanda iqtisadi biliklərinə də güvənərək, QHT sədri olaraq problemləri həll etmək istəyənlərə proqram və layihələrlə kömək edəcəyini də bəyan edir.
Danışanda bütün vəzifəli şəxslər və məmurlar vətəndaş cəmiyyətindən danışırlar. Buyurun, bu da sizə vətəndaş mövqeyi və onun verdiyi gözəl təkliflər. Ümid edirik, Sumqayıt şəhər İcra Hakimiyyəti və digər əlaqədar qurumlar deyilən təkliflərə göz atar, ən azından biganə qalmazlar.