Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəfiqə Məmmədova “təmizləmə”lərə başlayır – ŞOK ANONS

Xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudov Musavat.com-a danışıb.

Müsahibəni təqdim edirik:

- Kino İttifaqında sədr seçkisindən sonra vəziyyət necədir? Bundan sonra hansı dəyişiklikləri gözləyirsiniz?

- Ədliyyə Nazirliyi rəsmi şəkildə Şəfiqə Məmmədovanı sədr kimi təsdiqləməlidir. Nazirlik nizamnaməni təsdiq etdikdən sonra İttifaqda olan bütün adamlar buraxılır və təzədən, sıfırdan qeydiyyata alınırlar. Kimi qəbul edəcəklər, kimi etməyəcəklər — bu, sonrakı söhbətdir, yəqin ki, mənə dəxli yoxdur. Amma bundan sonra Şəfiqə xanım tam səlahiyyət əldə etdikdən sonra hər şey qaydasına düşəcək.

—Yəni bütün üzvlər çıxarılıb təzədən siyahıya əlavə olunacaq?

—Əlbəttə, qayda belədir. Bu qayda prezident seçkilərində, hökumətdə və digər rəhbərlik dəyişikliklərində də belədir. Təsdiqlənmə prosesi də yəqin ki, aşağı-yuxarı 10-15 gün çəkəcək.

—Belə çıxır ki, Şəfiqə Məmmədova kimi istəsə, məsələn, ona qarşı olanları üzvlükdən çıxara bilər? Belə bir səlahiyyəti varmı?

—Bəli, sədr kimi bütün səlahiyyət Şəfiqə xanımdadır. Kimlərsə İttifaqdan çıxarıla, kimlərsə yeni üzv kimi əlavə oluna bilər.

—Əbdül bəy, bilirsiniz, bu seçki bir qədər qalmaqallı oldu. Bir çoxları da Şəfiqə xanımın sədr seçilməsini narazılıqla qarşılayır...

—Aydın məsələdir. İttifaqda aləmi qarışdırmağa, qarşıdurma yaratmağa çalışan dəstə var. Onların gördüyü əməllərlə bağlı hazırda İttifaqda istintaq gedir, onlarla bağlı çox ciddi yoxlamalar aparılır. Amma onların qarşıdurma yaratmaq niyyətləri alınmadı. Biz imkan vermədik və istədiyimizi də elədik.

—Amma alternativ namizəd kimi Həmidə xanım Ömərovanın adı çəkilirdi. Həmidə xanım isə narazılığını bildirərək dedi ki, ona söz verilməyib, buna imkan yaradılmayıb.

—Onsuz da son vaxtlar İttifaq qovğalı, söz-söhbətli olub. Ümid edirəm ki, bundan sonra sakitlik yaranacaq, inşallah. O ki qaldı Həmidə xanımın namizədliyinə, konfransdan əvvəl idarə heyəti yığılmışdı. Həmin toplantıda hamı yekdilliklə qəbul etdi ki, vahid namizəd Şəfiqə xanımdır.
O zaman Həmidə xanım demədi ki, namizədliyini verir. İdarə heyəti rəsmi surətdə, konfransdan 2-3 həftə əvvəl yığılmışdı. Orada Şəfiqə xanım vahid namizəd kimi təsdiq edildi. Əlavə alternativ namizəd heç kim tərəfindən təklif olunmadı. Sonradan Həmidə xanımın ürəyindən nə keçib, onu deyə bilmərəm. Amma burada hər şey rəsmi olmalıdır. Kiminsə istəyi ilə deyil ki.

—Yəni Həmidə Ömərova rəsmi şəkildə alternativ namizəd olmayıb?

—Xeyr, olmayıb.

—Əbdül bəy, bu seçkidən sonra kino sahəsində, Kino İttifaqında nələrin dəyişəcəyinə ümid edirsiniz?

—Sözsüz ki, kinonun taleyini Mədəniyyət Nazirliyi, ARKA və bir də kinostudiya həll edir. İttifaq isə ictimai təşkilat olaraq çox işlər görə bilər. Şəfiqə xanımın dövlətin, xalqın yanında nüfuzu, adı-sanı var. Əlində hökumət telefonu var. Ümid edirəm ki, bundan sonra kinomuz üçün birlik yaranacaq, kinomuz dirçələcək.
İnşallah, biz də ona cavab olaraq nüfuzumuzdan, adımızdan, İttifaqın gücündən imkan daxilində, nizamnamə çərçivəsində nə etmək mümkündürsə, hamısını əlimizdən gələn qədər edəcəyik. Böyük kinomuz bərpa olunacaq, inşallah.

—Bəs sizin sağlamlığınız nə yerdədir? Müalicələriniz üçün maddi vəsaitə ehtiyacınız olduğunu və bunun üçün ictimaiyyətə müraciət edərək dəstək istədiyinizi bildirmişdiniz. Şəfiqə xanım bu məsələdə sizə kömək edəcəkmi? Səsinizə səs verənlər oldumu?

—Mən indi demək olar ki, sürünürəm. Ağrılarım azalmır. O vəziyyətdə konfransa gedib öz missiyamı yerinə yetirməyə çalışdım. Çünki kinonun gələcəyi məni narahat edir. Nə bacarıram, əlimdən nə gəlirsə, bu vəziyyətdə belə, onu etməyə çalışıram. Çünki kino bizim məbədimizdir. O ki qaldı İttifaqın mənim səsimə səs verməsinə, ümid edirəm ki, konfrans Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunandan sonra orada müəyyən işlər görüləcək. Mən buna əminəm, heç şübhəm də yoxdur. Görək də... İttifaqın öz imkanları nədir, onu edər. Amma etdiyim müraciətdən sonra ictimaiyyətdən heç bir səs çıxmadı. Ümid edirəm ki, səsimə bir səs verən, müalicəmə kömək və dəstək göstərənlər olacaq. Nəinki sağlamlığım, mənim ev məsələm də qalıb. “Krişa”larda damda yaşayıram, əlimdə məhkəmə qətnaməsi ola-ola. Belə, bilirsiniz, baş qarışıqdır. Bilinmir ki, kim kimdir, kimə ağız açmaq lazımdır. Kimə deyirsən, deyir: “Mənlik deyil”. Dəstək də ki, hələlik bir səs-soraq yoxdur. Görək... "


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də