Mətbəxdə hansı yağdan istifadə etməyin daha sağlam olduğu ilə bağlı müzakirələr illərdir davam edir. Kərə yağı, günəbaxan yağı və zeytun yağı arasında seçim edənlər üçün Harvard alimlərinin apardığı genişmiqyaslı araşdırmanın nəticələri diqqət çəkib.
Harvard T.H. Chan İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları üç böyük kohort üzrə 221 mindən çox yetkin insanı 33 ilə qədər izləyiblər. Araşdırmada gündəlik 10 qram, yəni təxminən bir çay qaşığı kərə yağının bitki mənşəli maye yağlarla əvəz edilməsinin nəticələri araşdırılıb.
Məlum olub ki, kərə yağını bitki mənşəli maye yağla əvəz edən şəxslərdə ümumi ölüm riski 17 faiz, xərçəngdən ölüm riski isə 17 faiz daha aşağı olub. Tədqiqatda xüsusilə zeytun, kanola və soya yağları ön plana çıxıb.
Araşdırmaçılar bu fərqin əsas səbəblərindən birinin kərə yağında doymuş yağların yüksək olması ilə əlaqəli olduğunu bildiriblər. Doymuş yağların yüksək istehlakı LDL xolesterinin artması ilə əlaqələndirilir.
Digər tərəfdən, yağın yalnız tüstülənmə nöqtəsinə əsasən qiymətləndirilməsinin doğru olmadığı da müəyyənləşdirilib. Yağların 180 dərəcə temperaturda 6 saat qızdırıldığı başqa bir araşdırmada ən çox polar birləşmələrin günəbaxan yağında yarandığı qeyd olunub. Bu göstərici günəbaxan yağında 21,75 faiz, üzüm çəyirdəyi yağında 20,24 faiz, kanola yağında 17,32 faiz, düyü kəpəyi yağında 15,66 faiz, sızma zeytun yağında isə təxminən 10,5 faiz olub.
Maraqlıdır ki, günəbaxan yağının tüstülənmə nöqtəsi zeytun yağından daha yüksək olsa da, uzunmüddətli qızdırma zamanı daha çox polar birləşmə əmələ gətirib. Zeytun yağının tərkibindəki polifenolların isə oksidləşməyə qarşı qoruyucu rol oynadığı bildirilir.
Tədqiqatların nəticələrinə əsasən, gündəlik qidalanmada sızma zeytun yağı daha əlverişli seçimlərdən biri hesab olunur. Xüsusilə salat, meze və soyuq souslarda istifadə edildikdə onun tərkibindəki faydalı birləşmələr daha yaxşı qorunur.
Bununla yanaşı, qızartma zamanı istifadə olunan yağın təkrar istifadəsindən çəkinmək tövsiyə edilir. Yağın hər dəfə yenidən qızdırılması nəticəsində arzuolunmaz birləşmələrin miqdarı arta bilər.
Beləliklə, Harvard araşdırmasının nəticələri kərə yağının tamamilə qadağan edilməsini deyil, onun gündəlik qidalanmada bitki mənşəli maye yağlarla, xüsusilə zeytun yağı ilə əvəzlənməsinin sağlamlıq baxımından daha əlverişli ola biləcəyini göstərir.//Demokrat.az


