Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni il hədiyyə qutuları ilə bağlı XƏBƏRDARLIQ

Yeni il hədiyyə qutuları ilə bağlı XƏBƏRDARLIQ

Uşaqlar üçün içərisində müxtəlif şirniyyatlar olan Yeni il hədiyyə qutularını alan zamanı son dərəcə diqqətli olmaq lazımdır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və informativ həllər şöbəsindən Modern.az-a bildiriblər ki, ilk növbədə hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür. Həmçinin bilmək lazımdır ki, belə qutuların üzərində içərisindəki məhsulların deyil, həmin qutuların qablaşdırılma tarixi yazılır. Ona görə də istehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənib-etiketlənmədiyinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, eləcə də istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirmək tövsiyə edilir.

Bununla yanaşı, Yeni il hədiyyə qutularını seçərkən onların qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə və korlanmadığına fikir vermək lazımdır. Eyni zamanda, yadda saxlamaq lazımdır ki, hədiyyə qutularının içərisinə xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejiminə diqqət yetirilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan yoqurtlar, kremli qənnadı və kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir.

Bütün bunlarla yanaşı, hər bir istehlakçı ticarət yerlərindən aldığı Yeni il hədiyyə qutularının içərisindəki məhsulların təhlükəsizliyini təsdiqləyən sənədləri tələb edə bilər. Bəzi hallarda qutuların üzərində içərisindəki məhsullara dair siyahı yerləşdirilir. Siyahı olmadığı təqdirdə, qutuların içərisindəki məhsullarla tanış olmaq üçün satıcıya müraciət etmək tövsiyə olunur. İstehlakçı məhsulu aldıqda mütləq şəkildə satıcıdan kassa qəbzini də tələb etməlidir.

Qeyd edək ki, məhsulların keyfiyyəti ilə yanaşı, onların düzgün istehlakı da əsas şərtlərdəndir. Valideynlər məhsulların uşaqlar tərəfindən istehlak edilmə miqdarına diqqət yetirməlidirlər. Çünki ən keyfiyyətli şokolad, konfet və marmeladların belə həddindən artıq istehlakı uşaqlarda diatez, karies və müxtəlif problemlərə səbəb ola bilər.

Vətəndaşlardan xahiş olunur ki, Yeni il hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də