“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə təhsil alacaq gənclər artıq məlumdur. Siyahıda 500 nəfər adı var, onlar dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında oxuyacaqlar.
Xaricdə dövlət hesabına təhsil alacaq gənclərdən biri də Nəriman Kərimlidir. O, hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyinin mətbuat katibidir. O, ABŞ-ın Minnesota Universitetində oxuyacaq.
Nəriman Kərimli bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında alıb.
O, magistratura təhsilini Türkiyənin Hacettepe Universitetində tamamlayıb. Nəriman Kərimli növbəti ali təhsilini də xaricdə almağının səbəblərini belə izah edir:
“Bundan əvvəl də xaricdə təhsil almışam. Artıq gördüm ki, dünya dəyişir və yeni biliklər qazanmağın vaxtıdır. Mənim üçün yeni bilik və bacarıqlar qazanmaq lazım idi. Belə bir şans olduğunu görüb müraciət etdim və bu şansı əldə etdim”.