Xəbər verildiyi kimi, dünən – iyulun 14-də I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 3 nəfərdə mobil telefon aşkarlandığına görə, onlar imtahandan xaric olunublar.
DİM bəyan edib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunub və onlar ixtisas seçiminə buraxılmayacqlar.
Dünənki 2-ci cəhd imtahanından xaric edilən abituriyentlərdən birnin valideyni DİM-ə müraciət ünvanlayaraq, bu hadisənin 1-ci cəhd imtahanına təsir edib-etmədiyini soruşub.
Valideyn xatırladıb ki, övladı buraxılış və 1-ci cəhd imtahanında heç bir qayda pozuntusu etməyib və abituriyent hər iki imtahanda uğurlu nəticə toplayıb.
DİM isə valideynə bildirib ki, hadisə 2-ci cəhd imtahanında baş versə də, abituryentin cəzalandırılması üçün onun əvvəlki nəticələri də nəzərə alınmayacaq. Yəni qaydaları pozduğuna görə imtahandan xaric olunan abituriyent bu il ümumiyyətlə ixtisas seçiminə buraxılmayacaq.