Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rayonlara sərnişin daşıyan avtobusların videokamera ilə təchiz edilməsi məcburi oldu

Rayonlara sərnişin daşıyan avtobusların videokamera ilə təchiz edilməsi məcburi oldu

Bu gündən rayonlararası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri videokameralar ilə təchiz edilməlidir.

Bu, Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənən və 1 iyul 2024-cü ildən qüvvəyə minən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

 Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avto-nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş müntəzəm daşımalar yerinə yetirən avtonəqliyyat vasitələri sərnişindaşımada istifadə edilə bilməz.

 Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir.

 Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar ilə təchiz edilməlidir.

 Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı olmalıdır.

 Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində ilk tibbi yardım qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə və günəş şüalarından qorunması təmin edilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq olmalıdır.

 Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır.

 Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində sərnişinlər üçün çıxışlar və qəza çıxış yerləri olmalıdır.

 Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda maarifləndirici xarakterli əşyalar və qurğular, habelə gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri istisna olmaqla, konstruksiyada nəzərdə tutulmayan digər əşyanın yerləşdirilməsinə yol verilmir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də