Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azad edilmiş ərazilərdə 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb

 

İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimiz olmuşdur. Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. Azərbaycanın işğal edilmiş ərazilərində 400-dən çox tarixi abidə olub ki, onların yarısı erməni vandalizmi nəticəsində dağıdılıb, yarısı isə erməniləşdirilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilir. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub, 44 məbəd və 9 məscid təhqir edilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min kitab və misilsiz əlyazma nümunələri məhv edilib. İşğal altında olmuş torpaqlarımızda Azərbaycan xalqına məxsus çoxlu tarixi dini abidə mövcud olub. Müxtəlif qədim türbələrin olduğu Cəbrayıl rayonundakı Tumas-ata abidəsi bütpərəstlik dövrünün yadigarıdır. Tarixi Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. 

İşğaldan əvvəl Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə mövcud olub. Məşhur Yuxarı Gövhər ağa Məscidi, Qala divarı (uzunluğu 8 kilometr), Pənah xanın sarayı, Natəvanın evi, İbrahim xanın bürcü, İbrahim xanın qəsri, Vaqifin məqbərəsi Şuşa memarlığının incilərindən sadəcə bir neçəsidir. Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənət abidələri mövcud olub. Lakin ermənilər tərəfindən Ağdamda olan mədəni abidələr talan edilərək bütün infrastruktur məhv edilib. Buradakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Qutlu Sarı Musa oğlu günbəzi, XIV əsrə aid türbə və daş abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır.

 Tarixboyu ermənilərin həyata keçirmək istədikləri əsas məkrli niyyətlərdən biri də Azərbaycan ərazilərindəki Qafqaz alban irsinə yiyələnmək olub. Buna görə də Qarabağda olan alban məbədlərində özününküləşdirmə, tarixi faktların saxtalaşdırılması ilə məşğul olublar. Onlar bu əməlləri ilə həmin ərazilərə olan iddialarını gücləndirmək, saxta faktlar təqdim edərək dünyanı bu yalanlarına inandırmağa çalışıblar. Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, ermənilər noyabrın 25-dək Kəlbəcəri təhvil verməli idilər. Lakin bu müddət ərzində də öz naqis əməllərindən çəkinməyən ermənilər tarixi abidələrimizə ziyan vurmaqda davam etdilər. Xudavəng monastırı da bu vandallığın qurbanlarından oldu. Belə ki, onlar Kəlbəcərdən köç ərəfəsində monastırın zənglərini, xaç daşlarını və digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana aparırdılar. 

Azad olduğu gündən başlayaraq Qarabağda quruculuq, abadlıq işləri aparılır,   tarixi, mədəni, dini abidələrimiz bərpa edilir. Qarabağla bağlı haqq da, həqiqət də, tarix də bizim tərəfimizdədir. Və şanlı Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü erməni haqsızlığına, talançılığına, vəhşiliyinə son qoydu. Düz 27 ildən sonra Ağdam Cümə məscidində azan sədası yüksəldi. Xalqımızın min illərin o tayından adlayıb gələn tarixi kökləri qorunacaq və məkrli ermənilərin tarix səhifələrindən silməyə çalışdığı həqiqətlər olduğu kimi yenidən bərpa edilərək Azərbaycan xalqının zəngin xəzinəsi kimi gələcəyə ötürüləcək.

 

Yusif Babayev,

Salyan rayon gənci,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistr tələbəsi

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də