Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu universitetlərdə “COVID pasportu” olmayan tələbələr dərsə BURAXILMIR

Uzun müddətdən sonra sentyabrın 29-dan universitetlər qismən də olsa, ənənəvi tədris prosesinə keçib. Tədrisin ənənəvi formada keçirilməsinə baxmayaraq, tələbələrin dərsdə iştirakına müəyyən qaydalar əsasında icazə verilir.
Belə ki, COVID-19 pasportu və yaxud əks-göstəriş sertifikatı olmayan tələbə dərsə buraxılmır.

Artıq dərslərin başlanmasından xeyli müddət ötüb. Maraqlıdır, universitetlərdə dərsə buraxılmayan tələbə varmı?

Modern.az saytının əməkdaşı bir neçə universitetlə əlaqə saxlayıb.

Azərbaycan Texniki Universitetinin(AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib ki, 6% tələbə vaksin pasportu olmadığı üçün dərsdə iştirak edə bilmir:

“Operativ Qərargahın qərarına uyğun olaraq AzTU-da yaşı 18-dən yuxarı olan və COVID-19 pasportu olmayan tələbələr universitetə buraxılmır. Hazırda tələbələrin 6 faizinin COVID-19 pasportu olmadığı üçün universitetə buraxılmır”.


Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Günel Orucəliyeva sorğuya cavab olaraq deyib ki, universitet daxilində belə bir fakt aşkarlanmayıb:

“Universitetlər açıldığı gündən belə bir fakt aşkarlanmayıb. Tələbələrimizin vaksin pasportu və ya əks-göstəriş vərəqəsi var. Universitetə yeni daxil olan və yaşı çatmayan tələbələr isə Nazirlər Kabinetinin qərarına əsasən vaksin pasportsuz dərsdə iştirak edə bilirlər”.

Lənkəran Dövlət Universitetinin(LDU) mətbuat xidmətindən Esmira İsmayılova 23 tələbənin vaksin pasportu olmadığı üçün dərsə buraxılmadığını deyib:

“Nazirlər Kabinetinin qərarına əsasən, Lənkəran Dövlət Universitetində vaksin olunmayan 23 tələbə dərsə buraxılmır”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin(ADNSU) mətbuat katibi Bəhruz Nəzərovun sözlərinə görə,tələbələrin 99%-nin vaksin pasportu var:

“Nazirlər Kabinetinin qərarına əsasən, tələbəni universitetdə ənənəvi tədrisə vaksin pasportu olmadan buraxmırıq. Qeyd edə bilərəm ki, tələbələrdən 99%-nin vaksin pasportu, 415 nəfər immunitet sertifikatı, 95 nəfərin isə əks-göstəriş vərəqəsi var”.

Bakı Ali Neft Məktəbinin(BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Kamal sorğuya cavabında qeyd edib ki, tələbələrin və əməkdaşların hər biri vaksin olunub:

“Biz hələ universitet açılmazdan uzun müddət öncə tələbələri vaksin pasportu barədə məlumatlandırmışdıq. Bu səbəbdən universitetdə dərslər başlayanda bu barədə heç bir problem yaşanmadı. Tələbələrimizin hər birinin vaksin pasportu var”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov cavab olaraq deyib ki, 18 yaşı tamam olan bütün tələbələrin vaksin pasportu var:

“Bizdə 18 yaşı tamam olan bütün tələbələrin ya vaksin pasportu ya da əks-göstəriş sertifikatı var. Hər hansı əks göstərişli xəstəliyi, allergiyası olan və ya hamilə tələbələrdən vaksin pasportu tələb olunmur”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də