![Paşinyan Avropa İttifaqının Prezidenti ilə sülh danışıqlarını müzakirə etdi](https://files.modern.az/photo/orginal/2025/02/14/1739535633_53533_b.thumb.jpg)
Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Kosta ilə görüşüb.
Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər.
Baş nazir Aİ-nin Ermənistanda demokratik islahatların ardıcıl irəliləyişinə davamlı dəstəyinin vacibliyini vurğulayıb. Nikol Paşinyan islahat gündəliyinin tam şəkildə həyata keçirilməsinin Ermənistan Respublikası hökumətinin prioritetlərindən biri olduğunu qeyd edib. Eyni zamanda, o, Ermənistanın müxtəlif sahələrdə potensialın inkişafı üçün Aİ ilə çoxtərəfli əlaqələrin genişləndirilməsinə və inkişafına önəm verdiyini vurğulayıb.
Antonio Kosta Ermənistan Respublikası hökumətinin demokratiyanın möhkəmləndirilməsi və institusional islahatların həyata keçirilməsi istiqamətində atdığı addımları alqışlayıb. A.Kosta Aİ-nin ümumi dəyərlərə əsaslanan tərəfdaşlığın gücləndirilməsinə və bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyini qeyd edib.
Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülh prosesi, regional kommunikasiyaların bağlanmasının mümkünlüyü, həmçinin Ermənistan Respublikası hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsi ilə bağlı məsələləri müzakirə ediblər.