![Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək](https://files.modern.az/photo/orginal/2025/02/14/1739535905_prezidentt.jpg)
Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalanıb.
Sərəncamda bildirilir ki, Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur.
Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi görkəmli İrəvaninin 200 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.