Səudiyyə Ərəbistanının Şura Məclisinin sədri Şeyx Məhəmməd bin Abdulla əl Aş-Şeyxin dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyətinin üzvləri - Azərbaycan Respublikası Milli Məclisinin deputatları Səməd Seyidov, Fazil Mustafa, Cavanşir Paşazadə və Rəşad Mahmudov Səudiyyə Ərəbistanında səfərdədirlər.
QMİ sədri A. Paşazadə və nümayəndə heyətinin üzvləri yanvarın 8-də İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində yerləşən mənzil-qərargahında qurumun Baş katibi Hüsseyin Brahim Taha ilə görüşüblər.
Görüşdə Şeyxülislam A.Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İƏT Baş katibinə çatdırıb.Səmimi qəbula görə təşəkkürünü bildirən Şeyxulislam A.Paşazadə Azərbaycan Respublikasının 1991-ci ildə - hələ Sovet İttifaqı dağılmamışdan əvvəl İƏT-in üzvü olduğunu diqqətə çatdıraraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu əlaqələr daim inkişaf edib və bundan sonra da yüksələn xətlə davam edəcəkdir.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalı dönəmində, Vətən müharibəsi vaxtında, o cümlədən müharibədən sonrakı müddət ərzində Azərbaycan Respublikasının haqlı mübarizəsində İƏT Baş katibliyinin və üzv dövlətlərin dəstəyinin yüksək qiymətləndirildiyini, eyni zamanda, sözügedən münaqişə ilə bağlı Təşkilatın qəbul etdiyi qətnamə və bəyanatların böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasında ölkə rəhbərliyinin İslam dininə verdiyi ali dəyərdən bəhs edərək Azərbaycanda digər dinlərin nümayəndələri üçün yaradılmış şəraitdən bəhs edib. Azərbaycanla İƏT arasındakı əlaqələrdən bəhs edən F.Mustafa ölkəmizin müstəqillik qazandığı ilk gündən etibarən İƏT-lə münasibətlərə xüsusi diqqət ayırdığını xüsusi qeyd edib. Prezident İlham Əliyevin müdrik dövlətçilik siyasəti sayəsində Respublikamızın bütün sahələrdə yüksək nailiyyətlər əldə etməsini xüsusi vurğulayan F. Mustafa Azərbaycanda dini sahədə yüksək səviyyədə tolerantlığın hökm sürməsinin dövlət başçısının siyasi xəttinin və dini lider Şeyxülislam A.Paşazadənin əməli fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası Milli Məclisinin Islam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyətinin üzvü, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə Xocalı qətliamının dünyada tanıdılmasında İƏT-in rolunu yüksək dəyərləndirərək, beynəlxalq müstəvidə ədalətin təmin olunması yönündə fəaliyyətini xüsusi qeyd edib. Hazırda beynəlxalq təşkilatların əksəriyyətinin böhran keçirdiyini ifadə edən natiq İƏT-in Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrlə nümunəvi, örnək davranış sərgilədiyini bildirib.