Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Meksika televiziyasında COP29 müzakirəsi

Meksika televiziyasında COP29 müzakirəsi

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov “Change Tv” kanalında aparıcı Aribel Kontrerasın “Eco Internacional” verilişinə ölkəmizin enerji təhlükəsizliyində mühüm rolu və COP29-a ev sahibliyi mövzusunda müsahibə verib.

 Diplomat əvvəlcə tamaşaçıları müsəlman şərqində ilk demokratik respublika, Şərqdə ilk dəfə qadınlara bərabər hüquqlar verən Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə məlumatlandırıb.

 Ölkəmizin zəngin müstəqillik tarixinə toxunan səfir xalqımızın və ölkəmizin üzləşdiyi çətinliklərdən və çağırışlardan da söz açıb. Bu xüsusda Azərbaycanın çətin vaxtlarında hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunmasındakı misilsiz xidmətlərindən danışıb, bununla Azərbaycanın müstəqillik tarixində yeni bir dövrün başladığını bildirib.

Müsahibəsində ölkəmizin beynəlxalq arenada artan roluna toxunan diplomat son illərdə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdən, beynəlxalq təşkilatlar çərçivəsində aktiv fəaliyyətindən bəhs edib. Bu xüsusda Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçildiyini, təşkilatın canlandırılması istiqamətində çoxsaylı təşəbbüslər irəli sürdüyünü, ötən müddət ərzində Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, bu il isə Formula 1 Azərbaycan Qran-Prisi kimi mötəbər tədbirlərə ev sahibliyi etdiyini, habelə dünyada ən vacib qlobal problemlərdən biri olan iqlim dəyişikliyi mövzusuna həsr olunmuş COP29 tədbirinin Azərbaycanda keçiriləcək mühüm tədbirlərdən olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanın ev sahibliyinin ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədəki mühüm rolunun bariz nümunəsi olduğunu vurğulayıb. Habelə COP29-a hazırlıq prosesi, ölkəmiz tərəfindən atılan mühüm addımlar barədə izləyiciləri məlumatlandırıb.

 Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin vacib təminatçısı kimi rolu barədə aparıcının sualını cavablandıran diplomat Azərbaycanın neft və qaz strategiyası istiqamətində atdığı mühüm addımlardan danışaraq mühüm infrastruktur rolunu oynayan dünya miqyaslı layihələr olan boru kəmərləri, habelə ölkəmizin neft və qaz gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəldən iqtisadi şaxələndirmə strategiyası barədə ətraflı məlumat verib.

 Müsahibədə, həmçinin Ermənistan-Azərbaycan normallaşma prosesi barədə aparıcının sualını cavablandıran diplomat 30 illik işğalın başa çatdığını, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparıldığını, qaçqınların öz yurdlarına qaytarılması üçün “Böyük Qayıdış” proqramının icrasının reallaşdırıldığını, bu gün iki ölkə arasında sülh sazişinin razılaşdırılması istiqamətində, regionda daimi sülhün əldə edilməsi üçün mühüm addımlar atıldığını, Ermənistan tərəfindən ölkənin normativ-hüquqi bazasından Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının vacibliyini bildirmişdir.

 Sonda Azərbaycan-Meksika münasibətlərinə toxunan M.Talıbov iki ölkə arasında turizm, mədəniyyət, təhsil, iqtisadiyyat və bir çox digər sahələr üzrə əməkdaşlıq imkanlarından bəhs edib, bu xüsusda əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də