
Rusiyanın Altay bölgəsində "Listok" qəzetinin naşiri Sergey Mixaylov ordu haqqında "feyklərə" görə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Dağlıq Altay Şəhər Məhkəməsi qərar verib.
İttiham tərəfi 9 il istəyib. Mixaylov həmçinin 4 il müddətinə jurnalist və nəşriyyat fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilib. O, özünü təqsirli bilməyib.
Mixaylov 2022-ci ilin aprelində həbs edilib. Ona qarşı işin açılmasına səbəb “Listok”un saytında Ukraynada - Buçada mülki əhalinin qətli ilə bağlı nəşrlər və teleqram kanalında Mariupolda xəstəxana və dram teatrının atəşə tutulmasından bəhs edən yazılar olub.