Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal Bakı Dövlət Universitetinin professoru, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublunun ölümündən üzlüdüyünü bəyan edərək, Azərbaycana başsağlığı verib.
Cəmil Ünal bildirib:
"Professor Nəsiman Yaqublunun faciəvi yol qəzasında dünyasını dəyişməsi Azərbaycanda olduğu kimi, Türkiyədəki dostları üçün də çox ağır və ağrılı xəbər oldu.
Təxminən 35 ilə yaxın bir müddətdə Azərbaycan Kültür Dərnəyi ilə qurduğu münasibətlər çərçivəsində birliyimizin arxivlərindəki fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli dövrünü işıqlandırması onun həm millətinə hörmətindən, həm də bir alim kimi məsuliyyətindən irəli gəlirdi. Nəsiman Yaqublunun bu böyük nümunəvi işləri hər birimizə saysız-hesabsız xatirələr yaşadır.
Məhəmməd Əmin Rəsulzadənin qurduğu dərnəyimiz Nəsiman Hocanın araşdırması üçün mühacirətdəki ilk və ən önəmli ünvan olsa da, şəxsən mənə olan böyük qardaş münasibəti həyatımdakı dostluqlar arasında çox xüsusi və dəyərli yer tuturdu.
Bu baxımdan onun ölüm xəbəri məni və bütün dərnək üzvlərini sarsıtdı. Hələ gənc yaşlarından biliyi, zəhmətsevərliyi və tədqiqatçı bacarığı ilə Azərbaycanın sovetlər dönəmində diqqətdən kənarda qalan tarixi dövrünü işıqlandıran kitabları, ensiklopediyaları və bütün nəşrləri təbii ki, ən böyük xidmət olaraq gələcəyə daşıncaqdır.
Azərbaycan mühüm alimi, idealist və vətənpərvərini itirdi.
Əgər ömür vəfa etsəydi, daha çox layihələr həyata keçirərək xidmətlərini davam etdirərdi.
Belə bir şəxsiyyəti, sevimli qardaşımızı və dostumuzu itirmək məni çox kədərləndirir, ailəsinə və yaxınlarına başsağlığı verirəm.
Məkanın cənnət olsun Nəsiman qardaş...”.
Qeyd edək ki, Cəmil Ünal Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni şəxsən görən və onunla ünsiyyətdə olan həyatdakı yeganə şəxsdir.