Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıdan G20 maliyyə nazirlərinə ÇAĞIRIŞ

Bakıdan G20 maliyyə nazirlərinə ÇAĞIRIŞ

Braziliyanın Rio-de-Janeyro şəhərində Böyük İyirmiyə (G20) üzv ölkələrin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin toplantısı çərçivəsində iyulun 24-də “COP28-G20 Braziliya maliyyə istiqaməti: Dayanıqlı maliyyənin mümkün, əlçatan və əlverişli edilməsi” adlı tədbir keçirilib.

COP28 prezidentliyinin və Braziliyanın Maliyyə Nazirliyinin dəvəti əsasında Azərbaycanı sözügedən iclasda maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Qlobal iqlim dəyişikliyi üzrə davamlı maliyyə mənbələrinin təmin edilməsinin qiymətləndirilməsinə həsr olunan tədbirin açılış hissəsində çıxış edən nazir Samir Şərifov bildirib ki, artan iqlim böhranı ilə əlaqədar qlobal çağırışa cavab tədbirləri müvafiq həcmdə və təxirə salınmadan maliyyə təminatının yaradılmasını tələb edir. Bu öz növbəsində, 2015-ci ildə qlobal iqlim sazişini (Paris Sazişi) imzalamış dünya ölkələrinin üzərinə götürdükləri karbon qazlarının emissiyasının azaldılması öhdəliklərinin inkişaf etməkdə olan ölkələrin payına düşən hissəsinin icrası üçün inkişaf etmiş ölkələr tərəfindən illik əsasda iqlim maliyyəsinin həmin ölkələrə ayrılmasını reallaşdıran maliyyə mexanizminin yaradılmasını zəruri etsə də, xeyli müddət ötməsinə baxmayaraq onun ərsəyə gətirilməsi hələ də gündəmdədir. Bu hal cari ildə Bakıda keçiriləcək COP konfransı zamanı Paris Sazişinin məqsədlərinə çatmaq üçün yeni iqlim maliyyə hədəfinin (Yeni Kollektiv Kəmiyyət Hədəfi) müəyyənləşdirilməsini və Saziş tərəfləri arasında razılaşdırılmasını daha da aktuallaşdırır.

 Nazir ədalətli və iddialı yeni iqlim maliyyə hədəfini müəyyənləşdirmək, inkişaf etməkdə olan ölkələrin iqlim inkişafı gündəliyinin ehtiyaclarını qarşılamaq və Paris Sazişinə etimadı bərpa etmək üçün Bakıda keçiriləcək COP29 tədbirinin münbit meydança olacağını vurğulayıb və iqlim maliyyəsi üzrə hədəfi bu il qəbul etmək üçün Böyük İyirmiliyin müstəsna rola malik olduğunu qeyd edərək G20 dövlətlərinin maliyyə nazirlərini mövqelərinin razılaşdırması üçün əlavə səylər göstərməyə çağırıb.

 İnkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ehtiyaclarını qarşılamaq üçün əlavə maliyyə resurslarının mobilizasiyasının tələb olunduğunu vurğulayan nazir Samir Şərifov Braziliyanın G20 sədrliyi zamanı iqlim maliyyəsi üzrə xüsusi yaradılmış işçi qrupun işinə Azərbaycanın da dəvət olunduğunu nəzərə alaraq, həmin işçi qrupun gündəliyinə çoxtərəfli inkişaf banklarının resurs bazalarının artırılması məsələsinin daxil edilməsini və buna nail olunması üçün Böyük İyirmiliyin maliyyə nazirlərinə xüsusi hesabatın hazırlanaraq təqdim olunmasını təklif edib.

 Braziliya səfəri çərçivəsində nazir Samir Şərifov bu ölkənin maliyyə naziri Fernando Haddad və ətraf mühit və iqlim dəyişikliyi naziri Marina Silva, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin maliyyə məsələləri üzrə dövlət naziri Məhəmməd Əl Hüsseini, İndoneziyanın maliyyə naziri və İqlim Dəyişikliyi üzrə Maliyyə Nazirləri Koalisiyasının həmsədri Sri Mulyani İndravati, COP28-in Baş direktoru Majid Al Suvaidi, Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva və Dünya Bankının Prezidenti Ajay Banga ilə ikitərəfli görüşlər keçirib.

 Görüşlərdə G20 prezidentliyi və COP30 gələcək prezidentliyi qismində Braziliya, hazırkı COP28 prezidentliyi qismində Birləşmiş Ərəb Əmirlikləri ilə COP29 prezidentliyi qismində Azərbaycan arasındakı əməkdaşlıq əlaqələri, G20-nin iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin Bakıda müəyyənləşdirilməsi və qəbul edilməsindəki rolunun dəyərləndirilməsi, çoxtərəfli inkişaf banklarının resurs bazalarının artırılması, özəl kapitalın iqlim maliyyəsinə cəlb edilməsi yolları və COP29-un Bakıda keçirilməsi ilə əlaqədar digər məsələlər müzakirə olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də