İyulun 25-də Bişkekdə 2021-ci ildə Bakıda təsis olunmuş TDT Baş Prokurorlar Şurasının 3-cü iclası keçirilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin baş prokurorlarının, TDT Baş Katibinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş müşavirinin iştirak etdiyi iclasında Qırğız Respublikasının Prezidenti Sadır Japarovun video müraciəti nümayiş olunub. Prezident tədbir iştirakçılarını salamlayaraq, iclasın işinə uğurlar arzulayıb.
Tədbirdəki çıxışında ölkəmizin türk birliyinə xüsusi önəm verdiyini qeyd edən Baş prokuror, bunun Prezident cənab İlham Əliyevin tarixi "bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır" sözləri ilə təsdiq olunduğunu vurğulayıb.
Kamran Əliyev TDT-yə üzv dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.