Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənipərəst və türkəfob: Amerikalı senatoru 20 ilə qədər həbs gözləyir

Ermənipərəst və türkəfob: Amerikalı senatoru 20 ilə qədər həbs gözləyir

Nyu-York məhkəməsi amerikalı ermənipərəst senator Bob Menendezlə bağlı qərar çıxarıb. Belə ki, münsiflər heyəti 13 saatlıq müzakirədən sonra Nyu-Cersidən olan Demokratlar Partiyasının təmsilçisini rüşvətxorluq, pul fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib.

 Prokurorlar sübut ediblər ki, senator Misirin hərbi maraqlarını önə çıxarmaq, cinayət təqiblərinə müdaxilə etmək və Qətər rəsmilərinin investisiyalarının təhlükəsizliyini təmin etmək üçün səlahiyyətlərindən sui-istifadə etməyə çalışıb. İddialara əsasən, Menendez və həyat yoldaşı bunun müqabilində qızıl külçələr, yüz minlərlə dollar nağd pul, avtomobil və digər formada rüşvət alıb.

 Bu işdə senatorun həyat yoldaşı Nadine Menendez də ittiham olunub, lakin onun məhkəməsi xəstəliyi səbəbindən hakim tərəfindən qeyri-müəyyən müddətə təxirə salınıb.

 Menendezlə yanaşı, Nyu-Cersi ştatından olan iş adamları Vael Hana və Fred Daybes də onlara qarşı irəli sürülən bütün ittihamlar üzrə təqsirli biliniblər.

2022-ci ildə Menendezin öz yoldaşı ilə yaşadığı Nyu Cersi ştatının Englvud Kliffs şəhərindəki evində reyd zamanı FTB agentləri 150,000 dollar dəyərində qızıl külçələri və 480,000 dollar nağd pul aşkar etmişdilər ki, bunların bəziləri ayaqqabılardan və senatorun adı üzərində yazılmış pencəklərdən çıxıb.

 2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Bob Menendez Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senatordur.

 Bu, Menendezin Senatın üzvü olduğu təxminən 20 il ərzində onun korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət məhkəməsi prosesidir. Əvvəlki məhkəmə istintaqı münsiflər heyətinin hökm çıxara bilməməsi səbəbindən yanlış araşdırma ilə nəticələnib. Ümumilikdə onu 20 ilə qədər həbs gözləyir.

 Bəs amerikalı ermənipərəst senator Bob Menendez kimdir?

 1954-cü ildə doğulan “demokrat” siyasətçi 2006-cı ildən ABŞ Senatının üzvüdür. O, ABŞ senatında Türkiyə və Azərbaycana qarşı xüsusi düşmənliyi ilə tanınır. Onun türk düşmənliyi 2020-ci ildən sonra daha da artıb. Buna səbəb isə senatorun həyat yoldaşı olub. Belə ki, senator 2020-ci ildə erməni əsilli Nadine Arslanyanla rəsmən evlənib. Cütlük Kuins ştatının Baysayd şəhərindəki erməni kilsəsində kiçik mərasimlə bir araya gəlib. Arslanyan Livan əsilli ermənidir. O etiraf edib ki, Menendezi Senatda “erməni soyqırımı”nın tanınması üçün səy göstərməyə təşviq edib. Yəni, Bob Menendez Nadine Arslanyanla evləndikdən sonra türklərə düşmən kəsilib. Ermənilərin ən güclü lobbi təşkilatı kimi tanınan Amerika Erməniləri Milli Komitəsinin sevimlisinə çevrilib. 

 Menendez Senatda olduğu illər ərzində tamamilə ermənipərəst mövqeyi ilə tanınıb.

2007-ci ilin avqustunda Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olan Menendez ABŞ-ın o zamankı prezidenti Corc Buşun administrasiyası tərəfindən Ermənistanda səfir vəzifəsinə namizədliyi irəli sürülən Riçar Hoqlanda etiraz etmişdi. Buna səbəb isə Hoqlandın 1915-ci il hadisələrini “soyqırımı” kimi qəbul etmək istəməməsi idi. Buş administrasiyası Hoqlandın namizədliyi geri götürmək məcburiyyətində qaldı.

 2019-cu ilin dekabrında Menendez Türkiyənin Suriyanın şimal-şərqində əməliyyat keçirməsinə, eləcə də Rusiyadan S-400 zenit-raket sistemləri satın almasına cavab olaraq Konqres tərəfindən hazırlanan “Amerikanın Milli Təhlükəsizliyinin Təşviqi və İŞİD-in Dirçəlişinin Qarşısının Alınması” qanununun həmmüəllifi olub.

 Türkiyə İŞİD terroruna qarşı mübarizə aparan ilk ölkə olsa da, Menendez Türkiyənin Suriyadakı hərəkətlərini “sabitliyi pozan” adlandırıb və “Suriya kürdlərinə”, daha doğrusu, PKK terrorçularına dəstək verməyə çağırıb. Elə həmin ay Menendez ABŞ hökumətinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıması üçün səylərə də öncülük edib.

 Menendez Türkiyənin Azərbaycanın ərazi bütövlüyü bərpa etmək üçün atdığı addıma dəstəyini də tənqid edib. “Türkiyə Ərdoğanın dövründə NATO-nun təsis prinsiplərini və beynəlxalq normaları pozaraq, öz sərhədləri xaricində cilovsuz təcavüzlə məşğul olub. Tarixi və dini əhəmiyyətə malik Şuşi şəhəri indi Azərbaycanın əlindədir və bir çox müqəddəs xristian yerlərinin təhlükəsizliyi prezident Əliyev və onun himayədarı Ərdoğanın üzərinə düşür”,- deyə o bildirib.

 Ermənipərəst Bob Menendez xərçəng xəstəliyindən dünyasını dəyişən erməni Qarabağ sakininin şəklini aclıqdan ölmüş kimi təqdim etməyə çalışıb.

 Menendez ABŞ Konqresində dəfələrlə Azərbaycana qarşı qərəzli bəyanatlar verib. Onun senatda aqressiv çıxışı Azərbaycana hədsiz nifrətindən və türkəfob əhval-ruhiyyəsindən irəli gəlir...


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də