Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin ötən gün keçirilən iclasında sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədlərin siyahısı təsdiqlənib.
Lakin bəzi keçmiş deputatlar siyahıya salınmayıb. Onlardan biri də VI çağırış Milli Məclisin deputatı Elşad Mirbəşiroğludur.
Məsələ ilə əlaqədar Elşad Mirbəşiroğlu ilə əlaqə saxlanılb.
Saytımıza açıqlamasında Elşad Mirbəşiroğlu vurğulayıb ki, barəsindəki qərara hörmətlə yanaşır:
"2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Yeni Azərbaycan Partiyası tərəfindən 2020-ci ildə VI çağırış Parlament seçkilərində namizədliyim irəli sürülmüşdü. Mən partiyama buna görə təşəkkür edirəm. Partiyanın İdarə Heyətinin ötən gün keçirilən iclasında mənim namizədliyim irəli sürülmədi. Yenə də partiyamın qərarına çox böyük hörmətlə, anlayışla yanaşıram. Mən Yeni Azərbaycan Partiyasının ideyalarını dəstəkləyirəm. Hansısa maraqlarımın təmin olunması üçün Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmuram. Yeni Azərbaycan Partiyasının sıralarında ona görə təmsil olunuram ki, bu partiya Ulu Öndər Heydər Əliyevin ətrafında xalqın birliyi üçün yaradılmış partiyadır. YAP dünənin, bu günün və sabahın partiyasıdır. Mən həmişə Yeni Azərbaycan Partiyasının üzvü olmuşam və hər zaman üzv olacam. Yeni Azərbaycan Partiyasının ideya və prinsiplərini daşıyacam".