Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputatlar İsraildə səfirliyimizin açılmasını İSTƏYİR


Deputatlar İsraildə səfirliyimizin açılmasını İSTƏYİR

İsrailin Dövlət Radio və Televiziyasının yaydığı məlumata görə, Azərbaycan yaxın vaxtlarda İsraildə səfirlik aça bilər. Hazırlıqların aparıldığını iddia edən İsrail mətbuatı bütün gecikmələrin texniki məsələlərlə bağlı olduğunu iddia edib. İsrail tərəfi Bakı və Tel-Əvivin səfirliyinin açılması ilə bağlı intensiv danışıqlar apardığını bildirib. 

 

Xatırladaq ki, oktyabrın əvvəlində İsrailin müdafiə naziri Benni Qantz Bakıda olub və səfər strateji əməkdaşlığı genişləndirmək niyyəti kimi təqdim edilib.


Azərbaycanın İsraildə səfirliyinin açılması ilə əlaqədar müzakirələr ilin əvvəlindən gündəmdə olsa da, hələlik rəsmi təsdiqini tapmayıb. Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə parlamentdə çıxışı zamanı bu məsələni bir daha gündəmə gətirib. Deputat bildirib ki, Azərbaycan müttəfiqi olan İsraildə tezliklə səfirlik açmalı, bunun üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır.

 

"Bizim İsraillə çoxşaxəli əməkdaşlığımız var. Bundan başqa, əvvəllər bir sıra ölkələrdə bağlamağa məcbur olduğumuz səfirliklərin yenidən açılması üçün də vəsait ayrılmalıdır", - parlamentari bildirib.

 

 

Mövzu ilə bağlı danışan Milli Məclisin digər deputatı Aydın Mirzəzadə də səfirliyin açılmasının tərəfdarıdır. Deputat vurğulayıb ki, Azərbaycanla İsrail arasında münasibətlər onsuz da yaxşıdır:


"İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Demək olar, bütün sahələr üzrə ölkələrimiz arasında yaxşı münasibətlər formalaşıb. İsrail siyasi dairələrində Azərbaycanla dostluğu gücləndirən, ərazi bütövlüyümüzü dəstəkləyən qüvvələr kifayət qədər güclüdür. Hərbi-texniki əməkdaşlığımız bu gün yüksək səviyyədədir. Azərbaycan ordusunda İsrail istehsalı olan silahlar var. Rəsmi Bakı İsraildə ticarət nümayəndəliyini də təsis etdi. Bu nümayəndəlik eyni zamanda konsulluq fəaliyyəti göstərəcək. Bütün bunların fonunda səfirliyin açılması barədə tərəflər razılığa gəlsələr də, bunu həyata keçirmək mümkün olmayıb. Məsələ iki dövlət arasındakı siyasi məsləhətləşmələrin nəticəsi ola bilər. Əgər belə addım atılacaqsa, sözsüz ki, parlament tərəfindən də dəstəklənəcək. Beləliklə, İsraildə səfirlik açan növbəti müsəlman ölkəsi Azərbaycan ola bilər". 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də