“Armenpress” agentliyi Ermənistanın İstintaq Komitəsinə 44 günlük II Qarabağ müharibəsi zamanı Hadrut yaxınlığında 7-ci Martuni batalyonunun 73 hərbçisinin ölümü ilə bağlı cinayət işinin istintaqının hazırkı mərhələsi barədə sorğu göndərib.
Agentlik İstintaq Komitəsindən bu cinayət işi çərçivəsində təqsirləndirilənlərin olub-olmadığını soruşub.
İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, aparılan araşdırmalar çərçivəsində 2020-ci il sentyabrın 27-də başlayan müharibə zamanı iki yüksək rütbəli zabitin cinayət işində səhlənkarlıq göstərdiyi məlum olub.
Onların hərəkətləri ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub. Belə ki, 11 oktyabr 2020-ci il tarixində günorta saatlarında N saylı hərbi hissənin 73 nəfər hərbi qulluqçusu Hadrut rayonunun 9-cu kilometrlik hissəsini keçərək, Ayqestan (Ballıca-red.) kəndinin inzibati ərazi dairəsinə düşmüş və Azərbaycan Ordusunun atəşi nəticəsində orada bütün şəxsi heyət öldürülmüşdür.
Yuxarıda qeyd olunan aşkar cinayətə görə yüksək rütbəli erməni zabitlər Ermənistan Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi ilə ilə ittiham olunublar: söhbət vəzifəli şəxsin hərbi vəziyyət, müharibə zamanı və ya döyüş şəraitində xidmətə səhlənkar münasibətinin ağır nəticələrə səbəb olmasından gedir.
İttiham aktı prokurora təhvil verilib. İbtidai istintaqa nəzarət edən prokuror öz qərarı ilə ittiham aktını təsdiq edərək cinayət işinin materialları ilə birlikdə səlahiyyətli məhkəməyə təqdim edib.