Azərbaycana zəfər yaraşır!
Bu gün, dekabr ayının 10-da paytaxt Bakımızın Azadlıq meydanında Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi! Əslində bu paradı bütün dünyaya haqqın, ədalətin hər zaman və bütün hallarda qalib olduğunun nümayişi adlandırmaq olar. Əlbəttə ki, əgər bu ədalətin arxasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi müdrik və qətiyyətli Ali Baş Komandan və Müzəfər Azərbaycan Ordusu kimi qüdrətli bir ordu durarsa.
Azərbaycan son 30 il ərzində öz əzəli haqqının təmin edilməsinə, tarixi torpaqlarının işğaldan azad olunmasına və ərazi bütövlüyünün bərpasına sülh yolu ilə nail olmaq üçün bütün mümkün olan imkanları sınadı. Bu illər ərzində ən mötəbər beynəlxalq təşkilatlar, dünyanın ən nüfuzlu dövlətləri tərəfindən təklif olunan bütün variantlar nəzərdən keçirildi. Vasitəçilər təyin edildi, müzakirələr aparıldı. Lakin sonda məlum oldu ki, bütün bu cəhdlər sən demə Azərbaycanın öz ərazilərinin işğalı faktı ilə barışacağı günə qədər münaqişəni dondurmaq və son nəticədə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq məqsədini güdürmüş. Amma bu xain planın tərtibatçıları əvvəldən yanlış yolda olduqlarını dərk etməli idilər. Çünki, Ölkə Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən açıq və birmənalı şəkildə bəyan etmişdi ki, Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq və biz öz torpaqlarımızı istənilən yolla azad edəcəyik.
Həmçinin 30 il ərzində bütün nüfuzlu beynəlxalq təşkilatlar süni surətdə yaradılmış Ermənistan-Azərbaycan dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mövcud olmadığını iddia edirdilər. Bu iddia bir tərəfdən Azərbaycana heç bir halda hərbi əməliyyatlara başlamaq imkanı verilməyəcəyi barədə bir mesaj, eyni zamanda da erməni təcavüzünü təqdir edən bir dəstək göstərisi idi. Amma bu iddianın müəllifi olan ermənipərəst qüvvələr yenə də yanılmışdılar. Azərbaycan Prezidenti hər zaman deyirdi ki, münaqişənin hərbi yolla həlli variantı var və əgər lazım gələrsə biz məhz bu yolla öz ərazilərimizi işğaldan azad edəcəyik. 1993-cü ildən bəri, xüsusilə də son 17 il ərzində Azərbaycanın bütün sahələrdə, o cümlədən iqtisadi, siyasi və diplomatik müstəvilərdə tam üstünlüyünü təmin etmək üçün gərgin iş aparıldı, bütün lazımi tədbirlər həyata keçirildi. Əlbəttə ki, hərbi üstünlüyün əldə olunması üçün müasir, güclü ordu quruculuğu işləri dövlətimizin başçısı tərəfindən xüsusi diqqət mərkəzinə alındı və bu istiqamətdə indiyədək misli görünməmiş nailiyyətlər əldə olundu. Artıq XXI əsrin ilk onilliyinin sonlarında Azərbaycan Cənubi Qafqaz regionunda şəriksiz lider dövlət kimi çıxış edirdi.
Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi bu reallıqları dərk edə bilmədi və bununla da özünün süqutunu hazırlamış oldu. 2020-ci ilin sentyabr ayının 27-də ermənilərin törətdikləri növbəti təxribata cavab olaraq Azərbaycan düşməni sülhə məcburetmə məqsədilə hərbi əməliyyatlara başladı. Şanlı Azərbaycan Ordusunun cəmi 44 gün davam edən zəfər yürüşü hər kəsin gözünü açdı, ağlını başına gətirdi. Bütün dünya gördü ki, Azərbaycan həqiqətən öz ərazilərinin işğalı ilə barışmadı. Bütün dünya inandı ki, bu münaqişənin həqiqətən də hərbi yolla həlli variantı mövcud imiş. Və bütün dünya bildi ki, bu fikirləri uzun illər boyunca yalnız mötəbər kürsülərdən səsləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin lazım olduğu an həmin həqiqətləri döyüş meydanından da keçirərək hər kəsə qəbul etdirə biləcək qədər dönməz qətiyyəti və yenilməz iradəsi var!
Bu gün Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı həmçinin Azərbaycan – Türkiyə qardaşlığının da daha bir nümayişi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın iştirak etmələri bu qardaşlığın əbədi və sarsılmaz olduğunu bir daha təsdiq etmiş oldu.
Etiraf etmək lazımdır ki, hansısa bir ölkədə keçirilən hərbi paradda qənimət kimi ələ keçirilmiş hərbi texnikaların nümayiş etdirilməsinə bəlkə də indiyədək çox nadir hallarda rast olunub. Amma Azərbaycanın Qələbəsi şərəfinə keçirilən Zəfər paradının əsas özəlliklərindən biri də bu oldu. Paradın gedişində 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi Şanlı Azərbaycan Ordusunun gücünü-qüdrətini göstərdiyi kimi, düşməndən ələ keçirlmiş hərbi qənimətlərin bir qisminin nümayişi də işğalçı erməni ordusunun darmadağın edilməsinin əyani sübutu oldu.
Bəli, indi biz əsl qalib ölkəyik! Bizim qüdrətli Ordumuz və bu ordunu şanlı qələbələrə aparan Müzəffər Ali Baş Komandanımız var!
Azərbaycana zəfər yaraşır! Yaşasın Azərbaycan!
Səttar Möhbalıyev,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri