“Ukrayna beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyib və Azərbaycan rəhbərliyinin fəaliyyətini tarixi ədalətin və qanunun bərpası hesab edirik”.
Bunu “Report”a müsahibəsində Ukrayna Ali Radasının sabiq deputatı Maksim Kuryaçi deyib.
“Azərbaycan xalqı 30 ilə yaxındır qanuni ərazilərini işğal etmiş təcavüzkar üzərində qələbə qazandı. Bu, möhkəm, ardıcıl dövlət siyasətinin nümunəsidir, ölkə rəhbərliyinin və onun liderinin siyasi iradəsinin gücünün nümayişidir. Azərbaycanın keçirdiyi əməliyyat tarix, hərbi işlər və diplomatiya üzrə dərsliklərə daxil ediləcək”, - deputat bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ nümunəsi beynəlxalq ictimaiyyətin digər “dondurulmuş münaqişələrin” həlli məqsədilə yeni impulsların axtarışı üçün həlledici əhəmiyyətə malik olacaq.
“Ukrayna Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması qərarını alqışlayır. Əminik ki, qanuni ərazilərini qaytarmış Azərbaycan bütün dünyaya atdığı addımların yalnız qanuni olduğunu yox, həm də bu əzabkeş bölgənin dirçəlişinin başlanğıcı olduğunu sübut edə biləcək. İqtisadiyyatın, sosial infrastrukturun bərpa edilməsi, investisiyaların cəlb edilməsi insanlara əcdadlarının torpağına qayıtmağa və orada yeni həyat qurmağa imkan verəcək. Təbii ki, azad edilmiş ərazilərdə qanuni hakimiyyətin bərpası və dinc həyatın qurulması prosesi asan olmayacaq”, - M.Kuryaçi söyləyib.
Deputat həmçinin Türkiyənin imzalanmış razılaşmanın icrasının monitorinqində iştirakının vəziyyəti idarə etməyə və revanşistlərin mümkün təxribatlarının qarşısını almağa imkan verəcəyini də qeyd edib: “Ermənistan otuz il əvvəl təcavüz aktı törədib və buna görə qanuni cəzasını alıb. Bu, ölkənin rəhbərliyinin siyasətinin iflasıdır. Belə hakimiyyət xalqına yalandan başqa nə verə bilər?”