Kamaləddin Qafarov: “Azərbaycan və Türkiyə Prezidentləri birlikdə tarix yazır”
“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına növbəti rəsmi səfəri ölkələrimiz arasında olan səmimi dostluq və qardaşlıq münasibətlərinin daha bir təcəssümüdür. Türkiyə-Azərbaycan münasibətlərinin dörd ay bundan öncə imzalanmış tarixi Şuşa Bəyannaməsi ilə rəsmi müttəfiqlik səviyyəsinə qaldırılmasından sonra ölkələrimiz arasında bütün formatlarda qarşılıqlı əməkdaşlıq əlaqələrinin hər bir sahəyə daha sürətlə sirayət edəcəyi gözləntisi artıq öz təsdiqini tapmış bir gerçəkliyə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində birgə iştirak etmələri, birlikdə Zəngəzur dəhlizinin bir hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoymaları da bu gerçəkliyin ilk təsdiqi oldu. Dövlət başçıları Zəngilanın Ağalı kəndində mətbuata verdikləri birgə bəyanatlarda da bir daha vurğulamışlar ki, Türkiyə və Azərbaycan xalqlarının birliyi əbədidir, sarsılmazdır.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycan və Türkiyə Prezidentlərinin birlikdə yazdıqları tarix bütün Türk dünyası üçün yeni imkanlar açacaq, Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələrinin daha da güclənməsinə səbəb olacaq: “Türkiyə dost və qardaş ölkə olaraq həm Vətən müharibəsi dövründə, həm də bu gün, dinc quruculuq işlərində Azərbaycanın yanındadır. Bir neçə gündən sonra Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin birinci ildönümünü qeyd edəcək. Bu Zəfərlə öz ərazi bütövlüyünü təmin edən ölkəmiz tarixi ədaləti bərpa etmiş oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bu gün isə ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçirir. Təbii ki, bu işlərdə də qardaş Türkiyənin rolu böyükdür. Bu gün istər regional, istərsə də dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Bu qardaşlıq Azərbaycan və Türkiyə Prezidentlərinin birlikdə yazdıqları tarixin ən şərəfli səhifələrində əks olunacaq.
Artıq bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə necə bir yerdədir, bundan sonra da bu belə olacaq. Bu qardaşlıq birmənalı olaraq, bütün Türk dünyasının maraqlarına cavab verən və regional təhlükəsizliyin təmin olunmasını önə çıxaran çox vacib bir amildir və bütün Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələrinin daha da güclənməsinə xidmət edir.”
Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan və Türkiyənin birgə reallaşdırdıqları regional layihələr təkcə bizim xalqlarımızın deyil, bütün region ölkələrinin və qonşu dövlətlərin inkişafına güclü təkan verə biləcək unikal şəraitin formalaşmasını təmin edə bilər: “Azərbaycan ərazilərinin 30 ilə yaxın müddət ərzində işğal altında olması, bu zəmində yaranmış hərbi münaqişə bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan əsas amillər idi. Lakin bu gün artıq bu maneələr aradan qaldırılıb. Azərbaycan Vətən müharibəsində qazandığı şanlı Zəfərlə həm işğala, həm də münaqişəyə birdəfəlik son qoydu. Bu gün artıq Cənubi Qafqazda bütün xalqların sülh və əmin-amanlıq şəraitində, yüksək rifah içində yaşaya bilmələri üçün tarixdə bu günə qədər mövcud olmamış unikal imkanlar yaranıb. Türkiyə və Azərbaycanın birlikdə həyata keçirdikləri regional layihələr və ilk növbədə əlbəttə ki, beynəlxalq nəqliyyat-logistik layihələr bu imkanların yalnız bizim xalqlarımız üçün deyil, bütün region ölkələri və qonşu dövlətlər üçün əlçatan olmasını təmin edə bilər. Bunun üçün isə sadəcə yeni regional reallıqlara uyğun hərəkət edilməlidir. Belə olan halda bu ərazilərdən keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticarət imkanları yaradacaq. Bu imkanlardan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları yararlana biləcəklər. Əlbəttə ki, bunun üçün bütün bu ölkələr arasında, ilk növbədə, mehriban qonşuluq münasibətləri formalaşdırılmalıdır. Azərbaycanın digər qonşu ölkələrlə münasibətlərində ciddi problemlərin olmadığını nəzərə alsaq, deyə bilərik ki, sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması Ermənistanla da münasibətlərin normallaşdırılması istiqamətində atılacaq ilk zəruri addımlar ola bilər. Ermənistan Azərbaycana və Türkiyəyə qarşı hər hansı ərazi iddialarına və düşmənçilik münasibətlərinə son qoymalıdır. Bu gün Ermənistan hökuməti birdəfəlik başa düşməlidir ki, Azərbaycanla düşmənçilik yeni faciələr və səfalət demək olduğu halda, normal, mehriban qonşuluq münasibətləri inkişaf, tərəqqi və xalqın rifah yüksəlişi yoludur. İstənilən halda Azərbaycan və Türkiyə bu yolda birgə addımlayırlar və artıq heç bir qüvvə bu irəliləyişin qarşısını ala bilməz.”