“Burada şərh ediləcək bir şey yoxdur. Bu, tamamilə cəfəngiyyatdır..."- D.Peskov
“Rusiya Prezidenti Vladimir Putin sağlamlıq səbəbi ilə istefaya getməyi planlaşdırır”.
Bu informasiyanı İngiltərənin "The Sun" nəşri yayıb. Məlumata görə, Putində Parkinson xəstəliyinin əlamətləri var (ayaqların qeyri-iradi hərəkəti, barmaqların əsməsi və s.).
Moskvalı politoloq Valeri Soloveyə istinad edən ingilis nəşri xüsusilə məşuqəsi olduğu deyilən Alina Kabayevanın və qızlarının Rusiya Federasiyası Prezidentini sağlamlığını qorumağa və dövlət başçısı postunu tərk etməyə inandırmağa çalışdıqlarını yazır. “The Sun”a görə, Putin istefasını 2021-ci ilin yanvarında elan etmək niyyətindədir.
Nəşr Rusiya Prezidentinin tezliklə onun mümkün varisi olacaq yeni bir baş nazir təyin edəcəyini də iddia edir.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə bu gün - noyabrın 6-da sözügedən xəbərlə bağlı sualı cavablandırarkən belə deyib:
“Burada şərh ediləcək bir şey yoxdur. Bu, tamamilə cəfəngiyyatdır. Prezidentin səhhəti ilə bağlı hər şey yaxşıdır”
Xatırladaq ki, İngiltərə mətbuatı V.Putində guya Parkinson xəstəliyinin əlamətləri olması barədə hələ 2015-ci ildə yazıb.