Prezident, Ali Baş Komandan İlham Əliyev ikinci Qarabağ müharibəsi başlayandan dünyanın bir sıra nüfuzlu televiziya kanallarına müsahibələrində, habelə Azərbaycan xalqına müraciətlərində Ermənistanın hərbi-siyasi rəhbərliyinin işğalçılıq siyasətini ifşa edir. Bu, şübhəsiz ki, informasiya müharibəsi sahəsində də ölkəmizin mövqeyini kifayət qədər gücləndirir.
Prezident İlham Əliyev istər daxili, istərsə də xarici auditoriya qarşısında çıxışlarında Ermənistan silahlı qüvvələrinin bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın müqabilində aldığı “dərs”dən nəticə çıxarmadığını, sentyabrın 27-də isə növbəti dəfə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə hücum etdiyini və nəticədə ordumuzun əks-hücum əməliyyatlarına başladığını vurğulayır.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun sözlərinə görə, lakin bəzi hallarda jurnalistlərin ölkəmizin apardığı haqq savaşına ədalətsiz, məqsədli yanaşmalarına da təsadüf olunur. Bu zaman dövlətimizin başçısı tərəfindən təmkin, səbr nümayiş etdirilməklə son dərəcə dəmir məntiqlə Azərbaycan həqiqətləri dünyaya, beynəlxalq aləmə çatdırılır. Məsələn, ölkə rəhbəri KİV-ə verdiyi müsahibələrində bəyan edir ki, artıq vəziyyət dəyişib, satus-kvo və təmas xətti mövcud deyil. İndi Ermənistan rəhbərliyi məntiqli davranmalı və işğal edilmiş əraziləri boşaltmalıdır. Tərəflər arasında aparılan müzakirələrdə isə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir. Yəni Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərə əməl edilməyincə, haqq savaşımız davam edəcək.
Emin Bağırov dünyanın ən nüfuzlu KİV-indən olan Almaniyanın ARD televiziya kanalına oktyabrın 28-də verdiyi müsahibəsində də Prezident İlham Əliyevin bir daha dəyişməz, prinsipial mövqeyini açıq şəkildə ortaya qoyduğunu diqqətə çatdırıb: “Dövlətimizin başçısı jurnalistin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualını cavablandırarkən deyib: “Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır”.
Prezident İlham Əliyev sözünə davam edərək daha sonra bildirib ki, Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.
Bu, cəbhədə olduğu kimi, ideoloji sahədə də Azərbaycanın haqq mübarizəsinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilməsinin məntiqi nəticəsidir.
Emin Bağırovun sözlərinə görə, bu gün xalqımızda ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruhlandırır. İndi hamı inanır, əmindir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan tamamilə qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq.
Silahlı Qüvvələrimizin öz torpaqlarında həyata keçirdiyi indiki uğurlu hərbi əməliyyatlar, həm də uzun illər beynəlxalq hüququn prinsip və normalarını, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini gözardı edən, habelə danışıqlar prosesinə destruktiv yanaşan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikasına qarşı Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyinin məntiqi nəticəsidir. Başqa sözlə, bu, işğalçı ölkənin hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində cənab İlham Əliyev tərəfindən yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirilməsinin, düşmən dövlətin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiə olunmasının təsdiqidir. Bu, eyni zamanda, torpaqlarımızın 20 faizdən çox hissəsini tapdaq altında saxlayan işğalçı Ermənistanın tərəfini tutan, haqqa, ədalətə göz yuman dövlətlərin, necə deyərlər, sağdan-soldan təzyiqlərinə baxmadan haqq mübarizəsi, haqq savaşı aparan Azərbaycanın tutduğu yoldan dönməzliyinin göstəricisidir. Bütün bunlar isə bir daha göstərdi ki, Azərbaycanın milli maraqları Prezident, Ali Baş Komandan İlham Əliyev üçün ən ali dəyərdir.