Sentyabrın 27-dən başlayan və bu gün də davam edən Vətən Müharibəsi, bu müharibə fonunda sadəcə hərb meydanlarında deyil, həm də media və diplomatik müstəvidə yaşananlar bütün dünyada böyük maraqla izlənməkdədir.
Moderator.az olaraq Millət vəkili Vahid Əhmədovla söhbətimizdə Vətən Müharibəsi və bu müharibə əsnasında baş verən bəzi mühüm məqamları şərh etməyə çalışdıq.
-Vahid müəllim, məlum olduğu kimi, hər bir ordunun gücü onun komandanının şəxsi keyfiyyətlərindən, bilik və bacarığından əhəmiyyətli dərəcədə asılıdır. Sizcə Vətən Müharibəsi prezident İlham Əliyevin Ali Baş Komandan kimi hansı keyfiyyətlərini üzə çıxardı?
-Təbii ki, müharibələrdə ordu rəhbərliyinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şəxsi keyfiyyətləri, iradə və qətiyyəti əhəmiyyətli rol oynayır. Qarabağda həyata keçirilən hazırkı anti-terror əməliyyatları çərçivəsində biz bu böyük həqiqətə bir daha şahidlik edirik.
Vətən Müharibəsi göstərdi ki, Azərbaycanın dövlət başçısı həm peşəkar diplomat, həm də bacarıqlı Ali Baş Komandan kimi dünyada çox az siyasi lider və komandana nəsib olmuş nadir keyfiyyətlərə sahibdir. Ordumuzun qısa müddətdə işğal altındakı bir çox rayonumuzu azad etməsi, düşmənin həm canlı qüvvələrini, həm də hərbi texnikasını böyük ölçüdə məhv etməsi Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətindən xəbər verir. Məhz onun üstün sərkərdəlik keyfiyyətlərinin nəticəsidir ki, Azərbaycan ordusu düşməni 30 il ərzində möhkəmləndiyi istehkamlardan vurub çıxarır, onları ölülərini, yaralılarını qoyub qaçmağa vadar edir. Bu faktlar həm Ali Baş Komandanımızın, həm də ordumuzun gücündən, cəsarətindən və döyüş əzmindən xəbər verir.
-Prezident İlham Əliyev son bir ay içində həm də dünya mediasına verdiyi çoxsaylı müsahibələri ilə diqqət çəkməkdədir. Sizcə bu müsahibələr, habelə həmin müsahibələrdə səslənən fikirlər dünya diplomatiya məktəbi üçün yeni xəzinə hesab edilə bilərmi?
-Şübhəsiz. Əminliklə deyə bilərəm ki, cənab prezidentin son bir aydakı müsahibələri dünya diplomatiya məktəbi üçün öyrənilməsi zəruri və faydalı olan resept olacaq. Çünki ölkə başçısı bu müsahibələrdə sadəcə Azərbaycan həqiqətlərindən söz açmadı. O, həm də beynəlxalq münasibətlər sisteminə, onun indiki durumuna diqqət çəkdi. Beynəlxalq təşkilatların, dünyanın aparıcı dövlətlrinin qətiyyətsizliyinin, ikili siyasətinin hansı ağrılı fəsadlara səbəb olacağını göstərdi. Ölkə başısı konkret faktlar, nümunələr əsasında göstərdi ki, əgər zamanında işğalçı Ermənistanaa lazımi təzyiq və basqı göstərilsəydi, o zaman rəsmi İrəvan öz işğalçılıq siaysətinindən imtina edər, işğal etdiyi torpaqları tərk etməyə məcbur olardı. Lakin məhz cəzasızlıq mühiti Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə, Qarabağ probleminin diplomatik yolla həllini müxtəli süni əngəllərlə təxirə salmağa sövq etdi. Nəticədə, bütün region üçün ciddi təsirlərə malik müharibənin baş verməsi qaçılmaz oldu.
Düşünürəm ki, İlham Əliyevin bir tək bu yöndəki açıqlamalarının təhlili dünyadakı oxşar problemlərin qansız, ağrısız həlli baxımından son dərəcədə əhəmiyyətlidir.
-Vahid müəllim, Vətən müharibəsinin ilk günündən etibarən qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə mənəvi-siyasi baxımdan böyük dəstək verdiyi birmənalıdır. Sizcə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi müasir Türkiyənin bu dəstəyi indiki ağır vəziyyətdə Azərbaycan üçün nə dərəcədə prinsipial əhəmiyyət kəsb edir?
-Türkiyənin Vətən Müharibəsi aparan, 30 ildir ki, işğal altında qalan torpaqları güc yolu ilə azad etməyə başlayan Azərbaycana dəstəyi həyati əhəmiyyət kəsb edir. Biz bu gün bu dəstəyi həm mənəvi, həm də siyasi-diplomatik müstəvidə çox aydın və dərindən hiss edirik. Türkiyə Vətən Müharibəsi dövründə sadə vətəndaşından tutmuş prezidentinə qədər göstərdiyi dəstəklə bir daha sübut etdi ki, Türkiyə hər şeyi ilə Azərbaycan xalqının yanındadır və onun haqq işini sona qədər dəstəkləyəcək.
Bu gün Azərbaycan düşmənə qarşı təkbaşına müharibə aparır. Ölkəmizin işğalçı Ermənistana qarşı mübarizəsində kimsənin hərbi dəstəyinə ehtiyacı yoxdur. Lakin Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, onlar Azərbaycana hərbi baxımdan da kömək etməyə hazırdırlar. Prezident İlham Əliyev də bildirdi ki, əgər hər hansı xarici aqressor Azərbaycan-Ermənistan müharibəsinə müdaxilə etsə, o zaman türk F-16-ları qarşılarında görəcəklər.
Uzun illərdir ki, qardaş Türkiyə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda, beynəlxalq tribunalarda Ermənistanın işğalçılıq siaysətini qətiyyətlə ifşa etməkdədir. Bu məsələdə qardaş Türkiyənin prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın xidmətləri xüsusilə misilsiz.
Bu gün islam coğrafiyasına nəzər salsaq, Ərdoğanın bu coğrafiyada böyük nüfuz sahibi olduğu, Türkiyəni beynəlxalq miqyasda söz sahibinə çevirdiyini görərik. Türk və islam dünyasının maraqlarını qətiyyətlə müdafiə edən, qlobal terrorizmə qarşı ciddi mübarizə aparan, regionda və dünyada Türkiyəni söz sahibinə çevirən Rəcəb Tayyib Ərdoğan, beynəlxalq imperialist güclərə meydan oxumaqdadır. O, öz qətiyyəti və mübarizə əzmi ilə ismini türk-islam coğrafiyasında Atatürkdən sonra qızıl hərflərlə yazdıran bir liderdir və haqlı olaraq bütün türk dünyasının iftixarına çevrilib.
-Son hadisələr fonunda diqqət çəkən mqəamlardan biri də Azərbaycan-Türkiyə dostluğu, bu dostluğun sarsılmazlığı və davamlılığıdır. Sizcə dünyanın bu dostluqdan öyrənməli, nəticə çıxarmalı olduğu nələr var?
-Həqiqətən də Azərbaycan-Türkiyə dostluğu bütün dünya üçün örnəkdir. Prezident İlham Əliyev haqlı olaraq bəyan edib ki, dünyanın digər ölkələri arasında bu cür münasibətə rast gəlmək mümkün deyil. Türkiyə və Azərbaycanın tarixin bütün mərhələlərində bir-birinə verdiyi təmənnasız dəstək bütün dünyada həqiqi dostluq, qardaşlıq rəmzi kimi mühüm əhəmiyyət kəsb edir və bu mənada bu dostluğun təməlini təşkil edən dəyərlərin dünya xalqları tərəfindən öyrənilməsi, mənimsənilməsi olduqca vacibdir.
Türkiyə və Azərbaycan dostluğunun səciyyəvi xüsusiyyətlərindən biri də bu dostluğun sadəcə adıçəkilən dövlətlərin deyil, bütün bəşəriyyətin maraqlarına, rifah və təhlükəsizliyinə xidmət etməsidir. Başqa sözlə desək, Azərbaycan-Türkiyə dostluğu hər hansı bir dövlətə, xalqa qarşı yönəlməyib. Bu dostluq bütün regionun, bütün dünyanın sabitliyinə, təhlükəsizliyinə, əmin-amanlığına hesablanıb. Azərbaycan-Türkiyə dostluğunu dəyərli edən, ona ümumbəşəri çalar bəxş edən də məhz budur. Bu baxımdan hesab edirəm ki, Azərbaycan-Türkiyə dostluğunun bir model kimi öyrənilməsi baş verərsə, dünya bu qavrayışdan yalnız və yalnız fayda görər.