Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Makronun anti-İslam mövqeyi Rusiyanı qarşıdırdı


Fransa Prezidenti Emmanuel Makronun anti-İslam mövqeyi Rusiya siyasi dairələrində qarşıdurmaya səbəb olub. 

Makronun mövqeyini tənqid edən Rusiya Federasiyasının subyekti olan Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin sərt reaksiyası ilə üzləşib. RLDP sədri Kadırovun fikirlərini “terrorçu hərəkətləri dəstəkləyən rəy” kimi qiymətləndirib. “Ümumiyyətlə, Rusiyanın subyektlərinin rəhbərləri bu məsələyə qarışmamalıdır”, - deyə o daha sonra əlavə edib.
Kadırov isə Jirinovskidən bu fikirlərinə görə üzr istəməyi tələb edib. “Jirinovski, dediklərinizə görə üzr istəyin. Sonra deputatlıq müddətinin sonuna qədər Dövlət Dumasında oturun. Bəlkə bəxtiniz gətirdi, növbəti seçkilərdə yenidən yaxşı pul qazana bildiniz”, - deyə Çeçenistanın rəhbəri bildirib.
O daha sonra əlavə edib ki, Jirinovski dini mövzulardan danışmamalıdır:  “Qoy tok-şoularda iştirak etsin, seçkidən əvvəl satılan mandatlardan aldığı pulları xərcləsin, özünü tanıtsın, qanun layihələri hazırlasın ... Ancaq dindən danışma, Jirinovski”.
Məsələ o qədər böyüyüb ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov müdaxilə etməli olub. O bildirib ki, Rusiya Federasiya subyektlərinin rəhbərləri xarici siyasətlə məşğul ola bilməzlər. “Burada dövlətin mövqeyini Prezident ifadə edir”,- deyə Peskov əlavə edib.
Kadırov Peskovun da fikirlərini cavabsız qoymayıb. Çeçenistan rəhbəri deyib ki, o Makrona siyasətçi kimi deyil, müsəlman kimi cavab verib. Kadırov daha sonra qeyd edib ki, buna görə hətta vəzifədən getməyə hazırdır. "Vəzifədən də getməyə hazıram, ateistlərin dinə necə lağ etdiyini səssizcə izləmək niyyətim yoxdur", - deyə Çeçenistan rəhbəri vurğulayıb.
Ramzan Kadırov Emmanuel Makronun anti-İslami mövqeyinə cavab olaraq onu “terrorun ilhamvericisi” adlandırmışdı.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də