Cenevrə görüşündə heç bir siyasi qərar qəbul edilməyib, danışıqları nəticəsiz və Azərbaycan üçün siyasi baxımdan əlverişli saymaq olar.
Bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk Qrupu həmsədrləri ilə Cenevrədə uzun sürən gərgin görüşlərini Moderator.az saytına şərh edən siyasi icmalçı, professor Qulu Məhərrəmli deyib.
O, görüşlə bağlı sosial şəbəkədə də qənaətlərini paylaşaraq qeyd edib ki, Cenevrədə heç bir sənəd imzalanmadı, nəticə olmadı. Bu, bir daha təsdiq edir ki, indiki şəraitdə Qarabağ probleminin siyasi həll yolu yoxdur.
Professorun fikrincə, diplomatlar arada görüşüb-danışmalı, ORDU isə öz işini görməlidir.
"Cenevrədə atəşkəs haqda sənəd imzalanmadı, sadəcə buna çağırış edildi, rahat işləməsi üçün tərəflər Qırmızı Xaç təşkilatına şərait yaratmaq və mülki obyektləri hədəf almamaq barədə də anlaşıblar. Amma sonuncu məsələdə ermənilərə güvənmək olmaz".
Q.Məhərrəmlinin fikrincə, Cenevrə danışıqları onu da göstərdi ki, Azərbaycanın siyasi təzyiqlərə müqaviməti xeyli artıb və indi daha dirənişlidir.
"Ermənistan isə təkcə hərbdə yox, diplomatiya sahəsində də çətin vəziyyətdədir".
Professor qeyd edib ki, ABŞ Qarabağ problemi ilə məşğul olmağa həvəsli deyil, ona görə təklifləri spontandır. Bunu bilmək vacibdir ki, regiona aid ciddi və əsaslı nəzarət mexanizmi olmayan istənilən anlaşma pozulacaq.
Q. Məhərrəmlinin qənaətinə görə, hazırda münaqişəni həll edə biləcək tərəflər yalnız Rusiya və Türkiyə ola bilər:
"Nə qədər ki ermənilər ipə-sapa yatmır, Azərbaycan hərbi əməliyyatları davam etdirməli və sürətləndirməlidir".