Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katalikosu II Qareginin kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırmasına dair açıqlaması ilə bağlı bəyanat verib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:
"Təcavüzkar Ermənistan rejimi 2020-ci ilin ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərində, həm də Ermənistan ilə dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi hədəfə götürüb. 30 ilə yaxın müddətdə ATƏT çərçivəsində danışıqlar prosesinin əməli nəticə verməməsi, BMT TŞ-nin məlum 4 qətnaməsinin yerinə yetirilməməsi və Ermənistanın son hərbi təcavüzü xalqımızın səbrini tükədib və Azərbaycan öz suveren hüququndan istifadə edərək, ərazi bütövlüyünü bərpa etmək və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərini işğaldan azad etmək üçün mübarizəyə qalxıb.
Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə Moskvada və Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş görüşlərdə müvəqqəti humanitar atəşkəs haqqında müvafiq razılaşmalar əldə olunub. Lakin faktlar onu göstərir ki, Ermənistan heç də sülhə meylli deyil və atəşkəsdən sui-istifadə edərək öz həqiqi qəsbkar niyyətlərini nümayiş etdirməkdədir. Belə ki, Ermənistan göstərilən razılaşmalardan dərhal sonra BMT-nin məlum qətnamələri və 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirməkdə və Azərbaycanın hərbi əməliyyatların baş verdiyi bölgədən yüz km. aralıda yerləşən yaşayış məntəqələrini ağır artilleriya ilə raket atəşinə tutmaqda davam edir. Bunun nəticəsində 27 sentyabr tarixindən bu günədək Ermənistan ərazisindən Azərbaycanın şəhər və yaşayış məntəqələrinin, o cümlədən Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncənin atəşə tutulması nəticəsində azyaşlı uşaqlar olmaqla, 65 dinc sakinimiz həlak olub, 297 nəfər yaralanıb, 2243 fərdi ev, 90 çoxmənzilli ev, 402 mülki obyekt dağıdılıb, salamat qalan uşaqlar arasında hər iki valideynini itirənlər var.
Münaqişə başlanan zamandan bu günədək təcavüzkar Ermənistan sivil əhalimizə qarşı terror tətbiq edərək işğal olunmuş ərazilərimizdə Azərbaycanın öz rəngarəngliyi ilə fərqlənən mədəni və mənəvi irsinə aid olan məbədlərimizi, qəbirstanlıqlarımızı, tarixi abidələrimizi, muzey və kitabxanalarımızı darmadağın edib. Bununla kifayətlənməyən qəsbkar erməni ekstremistlər əsarətdə qalan məscidlərimizi tövləyə çevirərək, İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş vandal həqarət əməllərindən belə çəkinməyiblər. Erməni ekstremistləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə məscid, məbəd və kilsələr, minlərlə məzarlıq, 706 taixi abidə və muzey, 927 kitabxana, 1107 təhsil müəssisəsi, 40 min muzey eksponatı dağıdılıb və talan edilib".
Şeyxülislam bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və ictimaiyyəti daim münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən dini müstəvidə danışıqlar prosesinə tərəfdar olub: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin üçtərəfli Möntre, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri münaqişənin dini müstəviyə keçməsinə yol verməmək məqsədlərini daşıyıb.
Təssüflə qeyd olunmalıdır ki, bizim hər zaman münaqişənin sülh yolu ilə ədalətli həllinə səy göstərməyimiz müqabilində qarşı tərəf, xüsusilə də erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini davam etdirməkdədir. Belə ki, bir neçə gün əvvəl bütün Ermənistan katalikosu II Qareginin son müraciəti, kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması dini lider olaraq ona baş ucalığı gətirmir və münaqişəyə dini don geyindirmək, daha böyük fəlakətlərə səbəb ola biləcək xristian-müsəlman qarşıdurması kimi təqdim etmək amallarına xidmət edir.
Din xadiminin ən ümdə mənəvi borcu insan həyatını qorumaq, ədalətə söykənməkdir. II Qareqin deyir ki, hazırkı müharibəyə onları Azərbaycan vadar edib. Sual verirəm - Azərbaycan sizi öz ərazilərində müharibəyəmi dəvət edib, ya torpaqlarınızamı göz dikib? Erməni dini lideri bildirir ki, Qarabağ heç zaman Azərbaycan tərkibində ola bilməz. Bu din xadiminin təcavüzə bəraət verməsi və xalqları qarşıdurmaya sövq etməsi deyilmi? Sual olunur - on minlərlə erməni vətəndaşının bu gün də Azərbaycanda əmin-amanlıq şəraitində yaşadığını, Bakının mərkəzində yerləşən, bərpa edilən və abad şəkildə qorunan erməni kilsəsini və kitabxanasını nə tez unutdunuz? Bunun əksi olaraq, Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində mədəni-mənəvi irsimizin məhv edilməsi, bir nəfər belə azərbaycanlının qalmadığı sizin etnik təmizləmə və vandalizm siyasətinizin bariz nümunəsi deyilmi?
Erməni kilsəsi bizi düşmən adlandıraraq, beynəlxalq birliyi “bu vəhşılikdən qurtarmağa” çağırır. Sual olunur - öz torpaqlarını qəsbkarlardan azad etmək nə vaxtdan vəhşilik adlanır, yoxsa Azərbaycan ərazilərində - Xocalıda, Gəncədə, Tərtərdə dinc əhaliyə qarşı törətdiyiniz vəhşilikər Qareginin dediyi kimi, “vətən və dövlətçiliyin qorunması üçün” tarixə qanlı hərflərlə yazılıb?
Bütün dünya bilməlidir, hazırkı hərbi qarşıdurma Azərbaycan ərazilərində baş verir. Biz öz haqq işimizdə hər hansı dinə və millətə qarşı deyilik, heç bir ölkəyə təcavüz etməmişik və Qarabağda yaşayan erməniləri düşmən deyil, öz vətəndaşımız hesab edirik. Biz liderimiz İlham Əliyevin ətrafında sıx birləşərək işğal olunmuş öz əzəli torpaqlarımızı qəsbkarlardan azad etdikdən sonra ermənilərlə birgə yaşamaq, Qarabağımızı inkişaf etdirmək və firavan məkana çevirmək əzmindəyik.
Biz Vətənimiz Azərbaycanda sülhə və əmin-amanlığa nail olunması üçün bu niyyətlərimizdə bütün dünya birliyinin dəstəyinə ümid edirik!".