“Pampeonun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü Trampın seçkiqabağı danışıqlarda mən də varam deməsi üçün həyata keçirilən növbətçi görüşdən başqa bir şey deyildi”.
Bu sözləri AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov ABŞ dövlət katibi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib. O bildirib ki:
“Əslində xarici işlər nazirlərinin Pampeo ilə görüşündən hər hansı bir gözləntimiz yox idi. Aydın idi ki, ABŞ-ın seçki öncəsi görüşlərin nəticəsi olaraq verəcəyi bəyanat növbətçi bəyanatdan başqa bir şey olmayacaq. Pampeo özü də danışıqlar ərəfəsində ayrı-ayrılıqda keçirilən görüşlərlə hər hansı bir irəliləyişə nail olmağın mümkün olmayacağını dilə gətirmişdi. Belə ki, məlumatlara görə həm Ceyhun Bayramov həm də Ermənistan xarici işlr naziri üçtərəfli görüşdən imtina etmişdi və nəticə etibarilə Pampeo əvvəl Azərbaycan Xarici İşlər Naziri daha sonra isə Z.Mnatskanyanla görüşdü. Ayrı-ayrılıqda keçirilən görüşlərin nəticəsi olaraq ortaya çıxan bəyanat da məlumdur.
ABŞ Dövlət Departamentinin sədri Morqan Ortaqusun yazılı açıqlamasından məlum olur ki, ABŞ hər iki tərəfin Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqlara başlanılmasının vacibliyinə inanır. Pampeo həmçinin münaqişənin Helsinki Yekun Aktının prinsiplərinə əsasən, zorakılığa məruz qalmamaq, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyinetmə hüquqlarına təhlükə yaratmamaq üzrə substantiv danışıqlara başlamasının vacibliyini də vurğulayıb.
Buradan da sual doğur. ABŞ, ərazi bütövlüyünə təhlükə yaratmamaqla xalqların öz müqəddəratını təyin etmə prinsipini necə görür? Axı indiyə qədər münaqişənin həll olunmamasının əsas səbəblərindən biri də elə məhz həm ərazi bütövlüyü, həm də xalqların öz müqəddaratını təyinetmə hüququnun eyni anda danışıqların şərti kimi irəli sürülməsi olub. Çünki ermənilər öz müqqədəratını təyin etmə deyəndə ancaq və ancaq Dağlıq Qarabağın müstəqilliyini başa düşürlər. Bu isə təbii olaraq dövlətlərin ərazi bütövlüyü prinsipinə ziddir.
Digər bir tərəfdən isə ermənilər artıq öz müqəddəratını artıq təyin edib və özlərinə dövlət qurublar. Azərbaycanda yaşayan ermənilər də öz müqəddaratını təyin ediblər və Azərbaycan vətəndaşı olmağı seçiblər. Bir xalqa dəfələrlə öz müqəddaratını təyin etmə imkanı yaratmaq isə o deməkdir ki, ermənilər sabah kütləvi şəkildə məskunlaşdıqları Kaliforniyada da, Rusiya Federasiyanın Krasnodar vilayətində də və ya digər bir yerdə də eyni hüquqla çıxış edə bilərlər.
Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Pampeonun bəyanatında da ərazi bütövlüyü prinsipi öz müqəddaratını təyin etmə prinsipindən daha əvvəl çəkilirik ki, bu da diplomatik qaydalara uyğun olaraq öncəliyin bu prinsipə verildiyinin göstəricisidir. Bununla da ölkələrin ərazi bütövlüyü çərçivəsində öz müqəddaratını təyin etmə ən yaxşı halda özündə mədəni muxtariyyəti ehtiva edə bilər ki, bu gün həm ABŞ-ın, həm də digər Minsk Qrupu üzvlərinin üzərinə düşən də məhz bunu ermənilərin diqqətinə çatdırmaqdan ibarət olmalıdır.
Görüşlərdən dərhal sonra ABŞ prezidenti D.Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyini açıqlaması isə seçki öncəsi verilmiş və daha çox daxili auditoriyaya hesablanmış “mən də varam” mesajından başqa bir şey deyil. Ortaya çıxan bəyanat və bəyanatda heç bir tərəfi narazı salmamaq üçün hər iki ölkə üçün prioritet olan məqamları eyni anda ortaya qoymaq da elə bunun göstəricisi sayıla bilər.