“Qardaş ölkə o zaman da Azərbaycana mövcud siyasi şərait daxilində hər dəstəyə hazır idi...”
28 il öncə - 1992-ci ilin mayın ortalarında artıq Şuşa işğal olunmuş və düşmən Laçın istiqamətində irəliləməyə başlamışdı... Bir müddət öncə Respublika Müdafiə Şurasının üzvü, deputat və partiya lideri kimi könüllü tabor yaradan AMİP lideri Etibar Məmmədov Qəbələdə Türkiyə zabitlərinin xüsusi təlim keçməsindən sonra həmin birliklə birgə Laçına gəlib. Lakin bir neçə gün sonra, özünün dediyinə görə, məhz torpaqlarımızın erməni təcavüzündən mümkün müdafiəsi məqsədi ilə müəyyən siyasi görüşlərdə iştirak etmək üçün Bakıya, oradan da Türkiyəyə yollanıb. Sonrakı illər Etibar bəy bu gözlənilməz səfərinin bəzi məqamlarından danışsa da, bir sıra təfərrüatları hələ də açıqlamayıb. Nəticədə bu barədə məlumatı olmayanlar arasında müxtəlif söz-söhbətlər dolaşmağa başlayıb. Xatırladaq ki, E.Məmmədov sözügedən mövzuda 2018-ci ilin mayında saytımıza da açıqlama verib(bax: https://www.moderator.az/news/224637.html).
Moderator.az əməkdaşı ilə növbəti söhbətində Milli Ordumuzun “Laçın dəhlizi” uğrunda yaxınlaşan uğurlu azadlıq döyüşlərinin gözlənilən siyasi nəticələri haqda danışan partiya lideri bəhs edilən məsələyə də toxunub.
“Ötən illər sizin sayta da söyləmişəm ki, 1992-ci ilin mayında Laçından qayıdıb Türkiyəyə yollanmağım ərazi bütövlüyümüzün qorunması məqsədi daşıyan siyasi qərarla bağlı olub. Həmin səfərimin bir sıra detalları haqda açıq danışmışam. İnşallah, Laçın da, Şuşa da, Xankəndi də, Kəlbəcər də və bütün işğal altındakı digər bölgələrimiz də işğaldan tam azad olunduqdan, yəni tam Qələbəmizdən sonra bu səfərimin “sirri”ni, təfərrüatını tam açıqlayaram. İndilik onu deyim ki, o vaxtlar da Türkiyə dövləti Azərbaycana mövcud siyasi şərait daxilində hər cür dəstək verməyə hazır idi... Təəssüf ki, o zaman – müstəqil dövlətimizin, ordumuzun yenicə formalaşdığı çox mürəkkəb və ziddiyyətli bir dövrdə həm hərbi, həm də siyasi meydandakı cəhdlərimizə rəğmən ermənilər Rusiyanın dəstəyi ilə Şuşanı da, Laçını da işğal etdi. Amma o günlər də Qarabağ uğrunda savaşan oğul-qızlarımız arasında on minlərlə şəhid olan və yaralananlar oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Və çox sevinirik ki, həmin şəhid və qazi övladlarımızın o illər Qarabağda həyata keçirə bilmədikləri işləri bu gün onların övladları uğurla icra etməkdədir. Azərbaycan xalqı, hər birimiz ön cəbhədə olan qəhrəman hərbçilərimizə təşəkkür edir, onların qarşısında baş əyirik...” -deyən Etibar Məmmədov qardaş Türkiyənin Qarabağ uğrundakı savaşımıza bü günkü dəstəyindən də danışıb.
“Ona da şadam ki, qardaş Türkiyə indiki Qarabağ savaşında, nəhayət, Azərbaycana demək olar ki, hər cür dəstəyi verməyi bacardı, bir qardaş, dost kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirdi. Və Azərbaycan da öz dövlətinin, ordusunun, xalqının gücü ilə yanaşı, qardaş Türkiyənin də dəstəyinə arxalanaraq işğal altındakı torpaqlarımızın azad edilməsi üçün genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Odur ki, bu həm Türkiyənin, həm də Azərbaycanın qələbəsidir...”
“Əsas məsələsə Şuşadır... Şuşaya Azərbaycanın üçrəngli bayrağının sancılmasıdır. Və biz igid Azərbaycan əsgərinin rəşadəti sayəsində tezliklə buna da nail olacağıq. Əlbəttə, bu əməliyyatlar ən yüksək səviyyədə həm diplomatik, həm də hərbi cəhətdən ustalıqla hazırlanmasaydı, ordumuz bu qədər uğurlara nail ola bilməzdi... Bu da həm siyasi rəhbər, həm də Ali Baş Komandan kimi Prezidentin üzərinə düşən ağır zəhmətin nəticəsidir. Və o, həmin vəzifələri çox yüksək zəviyyədə həyata keçirməkdə davam edir... Ali Baş Komandana, ordumuza və xalqımıza, inşallah, yeni uğurlar və Böyük Qələbə diləyirik...” -deyə istiqlalçı deputat nikbin arzularını ifadə edib.