Hollandiya Parlamenti qadın və kişilər arasındaki bərabərlik çərçivəsində qanunda dəyişiklik edib və qadınların məcburi hərbi xidmətə çağrılmasına qərar verib. Ölkədə bu həftədən başlayaraq 17 yaşı tamam olan 2003-cü il təvəllüdlü bütün gənc qadınlar hərbi xidmətə çağırılacaq.
Hollandiyanın keçmiş müdafiə naziri Yanine Hennis-Plassart 2017-ci ildə bərabərlik prinsipinin tələb etdiyi məcburi hərbi xidmət qanununun yalnız kişiləri əhatə etdiyinə etiraz edərək məcburi hərbi xidmətin hollandiyalı qadınlara da tətbiq edilməsini istəmişdi. Hollandiya Parlamenti isə qanunun dəyişdirilməsini gender bərabərliyi çərçivəsində qəbul edərək qadınları məcburi hərbi xidmət praktikasına daxil etmişdi.
Yeni qərara əsasən, hərbi xidmətə çağırış sayəsində ordudakı karyera imkanları izah ediləcək və qadınların peşəkar hərbi heyətə müraciət etmələri təmin ediləcək.
Hollandiyanın müdafiə naziri Ank Bijleveld yeni qərarla bağlı açıqlama verərək "Hazırda heç bir öhdəlik yoxdur, ancaq gələcəkdə nə olacağını deyə bilmərik. Ölkəmizin təhlükəsizliyi təhdid altında olarsa, bütün məcburi tərəflər silahlanmağa çağırıla bilər" şəklində danışıb.
Qeyd edək ki, ölkədə bu həftədən etibarən 100 min qadına hərbi xidmətə görə çağırış vərəqəsi göndəriləcək.