Azərbaycanın Ermənistana təklif etdiyi 5 maddəlik təklifdə hər hansı bir velosiped ixtirasından bəhs etmir. Azərbaycan çox normal, BMT Nizamnaməsinə uyğun şərtlərdən, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn təkliflə çıxış edib.
Lakin görürük ki, Ermənistan artıq aylardır ki, sülh istiqamətində Azərbaycanın etdiyi təklifləri dəyərləndirmək əvəzinə imitasiya ilə məşğuldur, vaxt udmaq üçün yenə müxtəlif bəhanələr axtarışındadır. Rəsmi İrəvan beləcə, həmişə olduğu kimi qeyri-konstruktivliyini nümayiş etdirir.
Ermənistan vaxt uzatmaqla nəyə nail ola bilər? Ordusunu gücləndirmək istəyirsə, nəzər yetirsək görərik ki, 44 günlük müharibə ilə əsgərlərimizin darmadağın etdiyi ordusunun yenidən komponentləşdirilməsi istiqamətində əslində heç bir addım atılmayıb, baxmayaraq ki, həmin dövrdən 2 ilə yaxın bir müddət keçib.
Nikol Paşinyana müxtəlif istiqamətlərdən təzyiqlərin olduğunu istisna etmək olmaz. Bu təzyiqlər heş şübhəsiz ki, regiondakı geoiqtisadi və geosiyasi vəziyyəti dəyişmək üçündür. O baxımdan da müəyyən qüvvələr əllərində olan vasitələrdən Ermənistana təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Amma həmin qüvvələr başa düşməlidirlər ki, regionda geosiyasi konfiqurasiya artıq dəyişibdir.
Vətən müharibəsindən sonra Bakı və Ankara birliyi bütün qonşu dövlətlərin maraqlarına cavab verəcək sülh platforması ilə çıxış ediblər. İş orasındadlr ki, Azərbaycan Prezidentinin təklifi həm Brüsseldə Nikol Paşinyan tərəfindən qəbul edilib, həm də bu baza prinsipləri Rusiya platformasında da Ermənistan tərəfindən (Rusiya XİN-dən edilən açıqlama bildirilib ki, Ermənistan tərəfi Azərbaycanın 5 əsas şərtini qəbul edir və danışıqlar bu şərtlər əsnasında aparılır - red.) məqbul sayılıb.
Bəs İrəvanın "qarnının dərdi" nədir?Belə aydın olur ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı şifahi və yazılı formada bu yolun açılması məsələsində razılıq versə də, müəyyən məsələlər var ki, bu, rəsmi İrəvanın ürəyincə deyil.
Bu məsələlərdən İrəvan üçün ən aktualının Ermənistandan edilən müxtəlif açıqlamalardan söhbətin əslində nədən getdiyi müəyyənləşdirmək mümkündür.
Laçın dəhlizinə alternativ yolun inşasını yekunlaşdırmaq üzrə olan Azərbaycanın bu qədər çevik davranışı, görünür, Ermənistanda gözlənilmirdi. Lakin rəsmi Bakının artıq alternativ yolun istifadəyə verilməsinə çox az zaman qaldığı ilə bağlı anonsundan sonra ermənilər, xüsusilə də revanşistlər və separatçı rejim qalıqlarının narahatlığını açıq-aydın hiss etmək mümkündür.
Azərbaycanın Laçından kənarda Ermənistana yol çəkməsi o deməkdir ki, Laçın şəhəri və bir neçə kənd artıq Azərbaycanın nəzarətinə keçir. Rusiya sülhməramlıları indi Laçın yolunda necə oturublarsa, yeni yolda da elə oturacaqlar, təhlükəsizliyə eyni qaydada yenə də nəzarət edəcəklər. Ermənilər üçün də yeni yolun üstünlüyü var. Təzə və hamar yoldan istifadə edəcəklər. Niyə narahat olurlar ki... Özünü Qarabağdakı ermənilərin lideri adlandıran cinayətkar Araik də bildirdi ki, onların bu layihəyə qarşı çıxmaq imkanları, gücləri yoxdur.
Erməniləri ən çox narahat edən məsələ...Azərbaycanın yeni yolda gömrük və sərhəd məntəqəsi tikəcəyi gözlənilir ki, bu da çox normaldır. Çünki bu postu öz ərazimizdə qururuq, özgənin ərazisində deyil. Üçtərəfli razılaşmada Mehri yolunda (Zəngəzur dəhlizi - red) təhlükəsizliyi Rusiya tərəfi təmin edəcək. Amma o yol Ermənistanın suveren ərazisi sayılır və orada nə istəsə edə bilər. Rəsmi Bakının isə istədiyi odur ki, orada gömrük, sərhəd yoxlaması olmasın.
Ermənistanın Təhlükəsizlik Şurası son bəyanatlarının birində Azərbaycanın Naxçıvana gedən yüklərinə vergi tətbiq ediləcəyi ilə bağlı bəyanat yaymasından da anlaşılır ki, Bakı ilə İrəvanın dəhliz məsələsində ulduzunun barışmadığı mövqe məhz budur.
Qatarlar Ermənistandan keçməklə Naxçıvana gedəcək. Söhbət 42 kilometr uzunluğunda yoldan gedir. Ermənistan tərəfi anlamır ki, o qatarları addımbaşı yoxlamağa Ermənistanın nə ehtiyacı, nə də ixtiyarı olacaq. Laçın yolu ilə, Mehri yolunun mahiyyəti eyni deyil. Azərbaycan Mehri yolundan bir keçid kimi istifadə edəcək. Biz Ermənistan ərazisində dayanmayacağıq, ora heç nə aparmayacağıq. Amma Laçın yolu Ermənistanla-Azərbaycanı birləşdirəcək. Ermənistandan gələn piyadalar, avtomobillər bizim ölkəmizdə dayanacaqlar, ona görə də biz onları yoxlamalıyıq. Fərq bundan ibarətdir.
Araik Arutyunyanın Laçındakı yeni yolunda pasport yoxlanış məntəqəsinin olmamasını istəməsinə növbəti təlxəklik deyə bilərik. Çünki Araik yaxşı bilir ki, tezliklə onu və oradakı revanşistləri, separatçı rejim qalıqlarını nə gözləyir.
Belə görünür ki, ermənilər cığallıq edərək, hər hansı bir rüsum ödəmədən, gömrük və sərhəd məntəqəsində yoxlanılmadan Xankəndinə gedib-gələ bilmək niyyətindədirlər. Amma unudurlar ki, 10 noyabr üçtərəfli bəyanatından bu yana Laçın dəhlizində rus sülhməramlılarının onlara yaratdığı imkanlardan eninə-boyuna istifadə edərək separatçıların silahlandırılması, əraziyə yeni terrorçu qruplarının cəlb edilməsi kimi özbaşınalıqlar, qeyri-qanuni səfərlər daha mümkün olmayacaq. Bununla da Azərbaycan nəinki Xankəndinə giriş-çıxışa nəzarəti bir-bir yoxlamaq imkanına malik olacaq, eyni zamanda etnik ermənilərin yaşayacaqları Azərbaycan ərazilərinin bütün elektrik, su xəttləri birbaşa Azərbaycanın tabeliyində olacaq.
Ermənistan Azərbaycana öz ərazisindən verdiyi yolda (Zəngəzur dəhlizi) nəzarət keçid məntəqəsi qurmaq xülyaları məhz kommunikasiya yolları ilə bağlı üçtərəfli bəyanatın kağız üzərindən reallığa çevrilməsinə mane olur. Lakin çox keçməz ki, rəsmi İrəvan bunu da anlayacaq ki, boşuna vaxt uzatmağın, Azərbaycanla razılaşmaqdan başqa yolu yoxdur.