İrəvanı III Qarabağ savaşına sürükləyirlər - Türk general
Ermənistan Azərbaycanı beynəlxalq aləmdə günahkar çıxarmaq üçün son günlərdə xüsusilə Kəlbəcər istiqamətində sərhəd təxribatlarını törədir.
Bu sözləri Ermənistanın sərhəd təxribatları haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
Generalın sözlərinə görə, İrəvan bu təxribatlara Azərbaycanın adekvat formada yox, daha güclü və sərt şəkildə cavab verməsini istəyir:
"Əgər belə olarsa, onlar beynəlxalq aləm qarşısında ağlaşma quraraq dünyanı Azərbaycanın təcavüzkarlığına inandırmağa çalışacaqlar. Bununla Ermənistan Azərbaycana qarşı məcburetmə diplomatiyası və psixoloji müharibə aparmaq üçün zaman qazanmaq istəyir. Məqsəd isə ABŞ başda olmaqla, Qərbin Bakıya təzyiq göstərməsinə çalışmaq yolu ilə 10 noyabr və Brüssel bəyannamələrinin icrasından boyun qaçırmaqdır".
General başqa bir diqqət çəkən məqamın Qərbin Cənubi Qafqazla bağlı siyasəti olduğunu vurğulayıb:
"ABŞ, Avropa Birliyi və dünyanı idarə edən supergüclər Ermənistanın məğlub olacağını bilə-bilə onu müharibəyə sürükləyə bilərlər. Baş verə biləcək Üçüncü Qarabağ müharibəsinin Ermənistan üçün faciə ilə nəticələnəcəyini bilsələr də, orada Rusiyanın təsirini qırmaq üçün buna getmələri mümkündür. Azərbaycan səbirli davranmalıdır. Əlbəttə ki, atəş açan erməni mövqeləri adekvat şəkildə vurulmalıdır. Lakin rəsmi Bakı Ukraynadakı prosesləri nəzərə almalı, maksimum dərəcədə diqqətli olmalıdır. Çünki ABŞ və AB dünyanın bütün nöqtələrində Rusiyanın nüfuzunu sarsıtmaq üçün plan qəbul edib. NATO Rusiyanı birinci və əsas təhdid kimi görür. Dolayısı ilə Azərbaycanı belə böyük oyunun, ssenarinin içinə çəkmə istəkləri ola bilər".