Gələn ilin əvvəlindən Bolqarıstan Azərbaycan qazını qəbul etməyə başlayacaq.
Bu barədə Bolqarıstanın Baş naziri Boyko Borisov Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) tikinti sahəsinə keçirdiyi baxış zamanı bildirib.
Onun sözlərinə görə, Bolqarıstan Azərbaycan qazının qəbuluna 2021-ci ilin yanvarın 1-dən başlayacaq: "Bir aydan sonra tam şaxələndirmə və Azərbaycan qazının ölkəyə gətirilməsi xəyalı reallaşacaq".
Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. "Sahdəniz" qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi ilə mümkün olacaq (Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə). Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə başlanacaq.
Xatırladaq ki, Bolqarıstan Azərbaycan qazını Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) vasitəsi ilə alacaq. IGB-nin inşasının 2020-ci ilin ikinci yarısında yekunlaşması nəzərdə tutulur.