“Bu, on minlərlə şəhid ailələrini, ümumiyyətlə, bütün xalqımızı mənən sındıran bir məsələdir...”
Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçı-terrorçu xuntanın rəhbəri Araik Arutunyan özünün “Facebook” səhifəsində Qarabağdakı rus sülhməramlı missiyasının rəhbəri, özü də əslən dağıstanlı müsəlman(?) hesab edilən general Rüstəm Muradovla görüşdüyünü bildirib və görüşdən şəkil paylaşıb.
Araik Arutunyan Azərbaycan ərazisində separatçılıqla məşğul olan cinayətkardır. O, Azərbaycan tərəfdən axtarışa verilib.
Belə olan halda onun hansı statusla sülhməramlı missiyasının rəhbəri ilə görüşdüyü suallar doğurur.
Məsələ ilə bağlı Moderator.az-a müraciət edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Azərbaycana sülh missiyası ilə gəlmiş hərbi birləşmənin rəhbəri, özü də müsəlman olduğu deyilən bir Rusiya hərbçisinin, generalın Azərbaycan Baş Prokurorluğunun barəsində cinayət işi qaldırdığı bir separatçı, terrorçu xunta rəhbəri ilə görüşməsinin son 44 günlük və ondan əvvəl şəhid olmuş oğul-qızlarımızın ruhuna həqarət, dövlətimizə qarşı böyük sayğısızlıq olduğunu bildirib..
“Bu günlərdə Qarabağ Seyid Ocaqları adından Allahın seçdiyi Qarabağın fatehi adlandırdığımız müzəffər Ali Baş Komandanımızın başçılığı ilə Milli Ordumuzun torpaqlarımızı azad etməsi Azərbaycanın son iki yüz ildə misli görünməmiş qələbəsi oldu. Uğurlu hərbi əməliyyatlarla paralel Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hüquq-mühafizə orqanları xalqımıza qarşı cinayətlərə yol vermiş separatçı-terrorçu rəhbərlər, o cümlədən həmin Qarabağdakı xuntanın başçısı Araik Arutyunyan barəsində cinayət işi qaldırılıb və o, axtarışa verilib. Bütün Azərbaycan və dünya bilir ki, A.Arutyunyan nəinki son 44 günlük hərbi əməliyyatlarda Azərbaycan ordusuna qarşı döyüşlərə göstəriç verənlərdən biridir, eyni zamanda Gəncəyə, Bərdəyə onlarla dinc soydaşımızın ölümünə, yaralanmasına səbəb olmuş ballistik raketlər atılmasına əmr verib və mediaya açıqlamalarında bunu həyasızcasına etiraf edib. Müstəqil Azərbaycan Respublikasının razılığıyla onun ərazisinə - Qarabağa gələn Rusiya sülhməramlılarının komandanının belə bir cinayətkarla görüşməsi ilk növbədə dövlətimizə, onun qanunlarına qarşı saymazlıqdır. Buna görə də Qarabağ Seyid Ocaqları adından, Qarabağsevərlər adından hesab edirəm ki, 1988-ci ildən bu günədək torpaqları uğrunda on minlərlə şəhid vermiş bir dövlət olaraq biz bu məsələyə ciddi yanaşmalı, Rusiya rəhbərliyindən sülhməramlıların komandanının bu gözlənilməz davranışıyla bağlı izahat tələb olunmalıdır. Bu, əli minlərlə insanın qanına batmış erməni terrorçusunun dünya ictimaiyyətinə titullu bir şəxs kimi tanıtdırılmaq cəhdidir.. Bu, on minlərlə şəhid ailələrini, ümumiyyətlə, şəhidlərini başının tacı hesab edən bütün xalqımızı mənən sındıran bir məsələdir. Buna mütləq cavab verilməlidir...”-deyə Seyid Camal vurğulayıb.