Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsindən sonra böyük coşqu yaşayan Azərbaycan xalqı öz sevincini bir-birilə yumruq şəklində birləşərək, qeyd edir. Kimisi qurbanlar kəsir, kimisi şirinlik paylayır, kimisi isə əhdinin reallaşacağına sevinir…
İşğaldan azad edilmiş torpaqlarda böyüyüb boya-başa çatmış ziyalılarımız var ki, əhd ediblər. Onlar əhdləri barədə Modern.az-a açıqlama veriblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, əslən Kəlbəcərdən olan keçmiş deputat Cavid Qurbanov qələbə günü münasibətilə başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan xalqını təbrik edib:
“Bu qələbə bütöv Azərbaycanın qələbəsidir. Bu gün Şəhidlərimizin ruhu şaddır. Əslində bütün deyiləcək sözləri cənab Prezident İlham Əliyev deyib. Ona görə əlavə nəsə deməyə ehtiyac yoxdur. Amma yeganə əhdim, arzum Kəlbəcərdə dədəmin qəbrini ziyarət etmək və Kəlbəcərin yenidən dirçəlməsinə kömək etməkdir”.
Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbasın əhdi Pənahəli xanın, İbrahim xanın qəbrini ziyarət etdikdən sonra, qardaşının, anasının qəbrinə baş çəkməkdir:
“Sonra gedib həyətimizdə çadır qurub ev tikəcəm. Başqa nə arzum ola bilər. Bu günləri bizə yaşatdığına görə Orduya, Ali Baş Komandana minnətdarıq”.
Sabiq deputat, Milli Qəhrəman Şirin Mirəzevin həyat yoldaşı, Xankəndindən olan Flora Qasımova bu sevincli günlər üçün Ali Baş Komandana minnətdarlıq edib:
“Şəhidlərimizin ruhu şaddır. Bu dərd içimizi yara eləmişdi. Bu yaranı ancaq Qarabağ havası, suyu sağalda bilər. Çoxdur arzularımız. Cıdır düzündə qurbanlar kəsilsin, Xankəndində dağıdılmış qəbiristanlığa gedəcəm. Babam Axund Hacı Molla Şükürün qəbrini ziyarət edəcəm. Heç olmasa onun qəbrini bərpa etmək istəyərəm. Onların ruhu illərdir narahatdır, onlar da rahatlığa qovuşacaq. O torpaqlar ayaqlarımızın səsini gözləyir”.
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, şair-publisist, xəmiri Cəbrayılla yoğrulmuş İsmayıl İmanzadə deyib ki, Cəbrayılın dağı-daşı Şəhid qanına boyanıb:
“Ali Baş Komandanımız, Ordumuz sayəsində bu gün torpaqlarımız işğaldan azad edilir. Bizim Böyük Mərcanlı kəndimiz ərazisinə görə ən böyük kənddir. Təbii ki, Cəbrayıla qayıdacam. Quş öz yuvasına həsrət qalan kimi, cəbrayıllılar da torpağa həsrət qalmışdı. Düşmən orda daşı daş üstə qoymayıb. Amma biz yenə də Böyük Mərcanlının qəddini dikəldəcəyik. Cəbrayılın simvollarından biri xan çinarıdır. Cəbrayıl qəddin düzəldəndə çinarlarımız da qəddinini düzəldəcək. Ömür vəfa etsə, öz yaradıcı dostlarımı başıma toplayıb ədəbi aləmə öz söz töhfələrimizi verəcəyəm.
İndi orda ev-eşik qalmayıb, amma səmtilə ata ocağımın yerini tapacam. Orda Çoban bulağı var, bizim evdən ora 110 metr idi. Ora baş çəkib, suyundan içib gözlərimə sürtəndən sonra kənd qəbiristanlğını ziyarət edəcəm. Orda bizim əzizlərimiz uyuyur. Qismət olsa, anamın qəbrini dini qaydalara uyğun olaraq, Cəbrayıla köçürdəcəm. Ən böyük arzumdur ki, Cəbrayılın mərkəzində insanlarla birgə gözəl günləri qeyd edək”.
Proseslər başlayandan mətbuatdan uzaq dayanan şuşalı ziyalı, tanınmış jurnalist Hikmət Sabiroğlu Allahdan ərgərlərimizə güc-qüvvət arzulayaraq, əhdi barədə öz yazısında oxuyacağımızın anonsunu verib.