“Ermənistana yardım ancaq xarici ölkələrdən gəlir, ianələr yığılır və burda da xaricdə yaşayan ermənilər iştirak edir”
Bunu Moderator.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyib.
Professor Ermənistanın daim xaricdən dəstək aldığını bildirib:
“Ermənistan iqtisadiyyatı ümumi makro-iqtisadi göstəricilərə nisbətən Azərbaycandan 15-20 dəfə aşağıdır. Bütün göstəricilərdə bizdən geri qalırlar. İndi də ki, onların xərcləri daha çoxdur. Ermənistanın büdcəsi 2,5 milyarddır. Ona görə də Ermənistan iqtisadiyyatı Azərbaycan iqtisadiyyatının qarşısında heç nədir. Azərbaycan iqtisadiyyatında bizim ehtiyatlarımız çoxdur. Müharibəni uzun müddətli apara və bunun üçün əlavə silahlar da ala bilərik. Amma söhbət ondan gedir ki, möhtərəm prezidentin dediyi kimi ermənilər bu vəsaiti hardan alırlar? Ermənistana yardım ancaq xarici ölkələrdən gəlir, ianələr yığılır və burda da xaricdə yaşayan ermənilər iştirak edir. Apardığım təhlillərə görə Ermənistan iqtisadiyyatı bizim işğal olunan torpaqlarımızın hesabına inkişaf edir. Məsələn, Kəlbəcərdə çıxan qızıl mədənlərindən, təbii sərvətlərdən qazanc əldə edirlər. Bir sözlə, Ermənistanın büdcəsinin 50 faizi elə bilavasitə bizim torpaqlarımızı hesabına təşkil olunur. Torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistan bu qazancdan məhrum olacaq və vəziyyət daha da pisləşəcək. Hesab edirəm ki, xarici ianələr də onlara elə böyük kömək edə bilməyəcək”.