
Azərbaycanda elə kəndlər var ki, onların sakinlərinin sayı bir əl barmağını keçmir.
Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumata görə, ölkədə cəmi 1 nəfərin yaşadığı 3 kənd mövcuddur.
Əhalinin 2019-cu ildə keçirilmiş siyahıyaalınmasının nəticələrinə əsasən, Neftçala rayonunun Kürdili kəndi, İsmayıllı rayonunun Gərzə və Pirəqanım kəndlərində hər biri cəmi bir sakindən ibarətdir.
Bundan başqa, əhalisi 5 nəfər və daha az olan daha 7 kənd var. Onların sırasına İsmayıllı rayonunun Dahar və Keşxurd kəndləri (hər birində 4 nəfər), Neftçalanın Qızqayıtlı kəndi (2 nəfər), Ağsunun Kövlüc kəndi (4 nəfər) və Xızının Güneyqışlaq kəndi (5 nəfər) daxildir.
Əhalinin azalması və kəndlərin boşalması müxtəlif səbəblərlə izah olunur. Bəzi ekspertlər kiçik kəndlərin birləşdirilməsini təklif edir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev saytımıza açıqlamasında bildirib ki, kiçik kəndlərin birləşməsi dövrün tələbidir və bu istiqamətdə işlər gedir. Statistikaya əsasən, bu gün bəzi rayonların kəndlərində 1,5,10 və.s insan yaşayır:
"Halbuki, vaxtilə insanlar burada yaşayıb-yaratmışdır. Lakin zamanın tələbi dəyişdi. Artıq həmin kəndlər yaşayış üçün əlverişli deyil. Bunun üçün də həmin kəndlərin birləşərək, yenidən bərpa edilməsi vacibdir. Dövlət bu istiqamətdə layihələr hazırlayır. Məsələn: Lerikin 167, Laçının və Kəlbəcərin də 100-dən artıq bu cür kəndləri var".
Deputat deyib ki, bu kənflərin çoxu dağlıq ərazilərdə yerləşdiyi üçün bura kommunal və yol xətləri çəkmək yüksək xərc tələb edir. Üstəlik bu asan başa gəlmir. İnsanların da tələbləri dəyişir. Bu da onların yaşadıqları məkana təsir edir.
Tahir Rzayev onu da qeyd edib ki, hazırda azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri başlanılıb. Bu digər ərazilərə də, şamil edilməkdədir. Həm də, hava şəraiti də bu ərazilərdə yaşamaq üçün problemdir. Biz çalışmalıyıq ki, bu ərazilər tam standartlara cavab versin.