20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi Daşkəsən rayonunda ehtiramla yad edilib. Daşkəsən Şəhidlər xiyabanında təşkil olunan anım mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid valideynləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından Şəhidlər xiyabanındakı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, 20 Yanvar faciəsi qurbanları və bütün şəhidlərimiz anılıb, Birinci və İkinci Qarabağ müharibələri zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid daşkəsənlilərin məzarları üzərinə tər qərənfillər düzülüb.
RİH-nin başçısı Orxan Abbasov vurğulayıb ki, xalqımızın qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsi müstəqil Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət və qəhrəmanlıq nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Ümumrayon anım mərasimində icra başçısı rayonun şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, ağsaqqallar və veteranlarla görüşüb, onların qayğıları ilə maraqlanıb, müraciətlərdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlarını verib.
20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə rayonda dövlət bayraqları endirilib, saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək rayon ərazisində nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.