İyunun 9-da naməlum şəraitdə itkin düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ilə bu gün Gənzə kənd qəbirstanlığında vida mərasimi keçirilib.
Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, rayon və kənd sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Hüseynov Ceyhun Gənzə kənd qəbirstanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölməsi faktı əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.