Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İcra başçısı iki şəhid ailəsini ziyarət etdi FOTOLAR

 4 il bundan əvvəl sentyabrın 27-də başlanan yurd yerlərimizin “Azadlıq yolu” noyabrın 9-da Zəfər günü ilə yekunlaşdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində rəşadətli ordumuz cəmi 44 gün ərzində düşməni döyüş meydanında məğlub etdi. Bununla da torpaqlarımız erməni işğalından azad edildi. Azərbaycan hərb meydanında 30 illik vətən həsrətinə son qoymaqla, qazandığı şanlı qələbə ilə ilahi ədaləti həyata keçirdi, beynəlxalq hüququ bərpa etdi.

Vətən müharibəsində qazandığımız tarixi Qələbə ölkəmizin dünya miqyasındakı nüfuzunu artırmaqla yanaşı Ermənistanın işğalçı dövlət olduğu bir daha sübut edildi.
Rəşadətli ordumuzun şücaəti, igid oğullarımızın qəhrəmanlığı sayəsində bu gün doğma Qarabağımızın hər yerində 3 rəngli müqəddəs bayrağımız dalğalanır. Neçə-neçə vətən oğulları öz canları, qanları bahasına Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar.

Belə oğullardan biri də, vətənin ərazi bütövlüyünün qorunması üçün şəhidlik zirvəsinə ucalan, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilən şəhidimiz Elvin Mustafayevdir.

Şəhid və qazi ailələrini daim diqqət mərkəzində saxlayıb, onların ailələri ilə yaxından təmas quran Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Göygöl filialının sədri 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Mustafayev Elvin Faxrəddin oğlunun ailəsini ziyarət ediblər. Ziyarətin səbəbi şəhidin övladı Mustafayev Musa Elvin oğlunun yaxın günlərdə Bakı şəhərindəki xəstəxanaların birində açıq ürək əməliyyatı keçirməsidir. Hazırda 7 yaşında olan Musanın müalicəsi davam etdirilir.

Daha sonra başçı  həmçinin Vətən müharibəsi zamanı şəhid olan Məmmədov Samir Ramiz oğlunun da ailəsini ziyarət edib.   Qeyd edək ki, Samir Məmmədov 12 oktyabr 2020-ci il tarixində Beyləqan rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Samir Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi, 2 övladı var.

Başçının şəhid ailəsi ilə görüşmə səbəbi yaxın günlərdə Bakı şəhərindəki xəstəxanaların birində şəhidin anası Məmmədova Laləzər Ziyat qızının sağ ayağı amputasiya olunmasıdır. Hazırda şəhidimizin anasının müalicəsi davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev onun vəziyyəti ilə maraqlanıb və şəfa diləyib, eyni zamanda şəhid ailəsini narahat edən məsələləri dinləyib və lazımi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verib.

Hər iki görüşün sonunda şəhid ataları şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

 Biz də öz növbəmizdə Göygöl RİH başçısı cənab Elvin Paşayevə ölkə başçısı cənab İlham Əliyevin ona göstərdiyi etimadı layiqincə yerinə yetirdiyinə minnətdarlığımızı bildirir, Elvin müəllimi müqəddəs Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edirik.

 

Mənzər Qurbanova

 

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də