Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır. Nazirlər Kabinetinə iki ay müddətində Qarabağ Universitetinin nizamnaməsini təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Nazirlər Kabineti, həmçinin universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görəcək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll edəcək.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.