Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhid Ruslan Quliyev ölümündən sonra 3 medalla təltif olundu

12 oktyabr - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ruslan Quliyevin anım günüdür.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ruslan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 11-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Tovuz rayonunun Dondar Quşçu kəndində dəfn olunub. Şəhid Ruslan Quliyev ölümündən sonra 3 medalla təltif olunub.

Ruslan Quliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

O həm də, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Quliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə də təltif edildi.

Qeyd edək ki, Ruslan Quliyev 1984-cü il noyabrın 20-də Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olub. 1991-2002-ci illərdə Tovuz rayonunun Dondar Quşçu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İki qızı və bir oğlu yadigar qaldı. Əmisi Sərkər Quliyev Birinci Qarabağ müharibəsinin şəhidi idi. 
Ruslan Quliyev 2003-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2003-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2015-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin Murovdağda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də