Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İndiki nəsil əvvəlki nəsildən daha qorxaqdır - MÜSAHİBƏ

İndiki nəsil əvvəlki nəsildən daha qorxaqdır - MÜSAHİBƏ

Fazil Mustafa: "Cəmiyyətə bu anlayışı öyrətmək lazımdır - şəxs dalınca getməyin!"

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Modern.az-a müsahibə verib.


Məmurlar məsələlərə oldu-bitdi kimi baxırlar...
 

- Fazil müəllim, son günlər şiddətli yağıntılar səbəbilə paytaxt Bakıda ciddi problemlər yarandı. Hiss olunur ki, məsələyə nə məmurlar, nə də kütlə normal yanaşa bilir. Bunun səbəbini nədə görürsünüz?
 

- Təəssüf ki, bizdə nə məmur, nə də vətəndaşın mühakimə tərzi doğrudur. Heç kim belə vəziyyətlərə hazırlıqlı deyil. Vətəndaşlar da, məmurlar da şiddətli yağışların hansı fəsadlar törətdiyini bilir. Hər birimiz bu risklərdən qaçmalıyıq. Bu cür havalarda yola avtomobillə çıxmaq doğru deyil, nə qədər az avtomobil olsa, problem bir o qədər asanlaşar. Məmurlar isə bu məsələyə oldu-bitdi kimi baxırlar. “Yağış yağacaq, bir gün, iki gün danşılacaq, sonra bu mövzu qapanacaq, gələn dəfə yenə yağanda qulağımızı tıxayıb problemləri, şikayətləri dinləyəcəyik” deyə düşünürlər. Əslində bu, belə olmamalıdır. Konkret olaraq, bir yol, bir tunel çəkilirsə, onun təhvilalma prosesində bütün komponentlər nəzərə alınmaldır, amma nəzərə alınmamışdı. İki tərəfin də bu məsələyə yanaşmasında məsuliyyətsizlik amili özünü göstərir. Təbii ki, burada əsas məsuliyyət məmurların üzərinə düşür, onların bu işdə məsuliyyəti böyükdür. Diqqət edin, bəziləri də günahı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarında görürdülər ki, vaxtında çatmayıblar. İndi Bakıda görüş yerinə vaxtında kim çata bilir ki? Şəhərin tıxac problemi, yüklənmə məsələsi son vaxtlar müzakirə mövzularımızdan biri idi, lakin fürsətlər əldən qaçırıldı.

Beləliklə, Bakıda rahat yaşamaq çətinləşdi, yol problemi, tıxac problemləri böyüdü. Eyni zamanda bunu həll etmək üçün avtobus xətləri salındı ki, insanların ictimai nəqliyyatdan istifadəsi rahatlaşsın. Digər tərəfdən, şəxsi avtomobillər üçün yer qalmayıb və bu da ciddi tıxaclarla nəticələnir. Onu da nəzərə almaq lazımdır ki, hər kəs şəxsi avtomobilini ictimai nəqliyyata dəyişməyin tərəfdarı deyil.

Başlıca məsələlərdən olaraq Bakı kimi şəhərdə metro tikintisini gücləndirmək lazım idi. Neft gəlirləri artan zaman biz onu metro tikintisinə ayırmalı idik. Əhalisinin sayına görə Bakı ilə bərabər olan Daşkənd şəhərində 80-ə yaxın metro stansiyası var, Bakıda isə bu 30-u keçmir. 3 milyonluq şəhərin yükünü metro ictimai nəqliyyat kimi götürə bilmir. Məsələyə kompleks baxmalıyıq. Konkret olaraq bir məmuru, bir tikinti şirkətini və ya bir vətəndaşı günahlandırmaq əvəzinə, problemi həll etməliyik və problem çözülmədikcə, Bakı yüklənmiş vəziyyətdə qalacaq, kanalizasiya xətti də bu yükü götürəcək vəziyyətdə olmadıqca bu kimi problemlər həmişə davam edəcək.


Hamı oğlunun, qızının, gəlninin, qohumunun həyatın yaşayır...
 

- Çox qəribədir, az qala vətəndaşlar məmurlara, dövlət qurumlarına düşmən kimi baxırlar. Bu düşüncə necə dəyişə bilər?
 

- Bu düşüncədən çıxış yolu vətəndaşın hazırlıq səviyyəsindən aslıdır. Biz vətəndaşı dövlət üçün, cəmiyyət üçün məsuliyyət daşımağa hazırlamamışıq. Bizim cəmiyyətdə ictimai məsuliyyət yoxdur. Diqqət edirsinizsə, cərimə məsələsində də bu özünü göstərdi. Maşından yerə zibil atmaq ancaq məsuliyyətsiz və düşüncəsiz vətəndaşların işi ola bilər. Bu kimi halların cərimə ilə tənzimlənməsi çox normaldır. Amma vətəndaş bizi qınayır ki, sizin ixtiyarınız yoxdur bizi cərimələməyə... Müəyyən məsələlərdə bu yanaşma başadüşüləndir. Məsələn, vətəndaş üçün yaxşı yol infrastrukturu qurmamışıqsa, onu tıxaca görə cərimələmək düzgün deyil. Amma vətəndaş düşünür ki, yox, siz hansısa məsələni tam qura bilməmisinizsə, bizə heç bir halda müdaxilə edə bilməzsiniz.

Azərbaycan cəmiyyətində bölgü aparsaq, insanları iki hissəyə ayıra bilərik: narazı və narahat insanlar. Narazı insan sayı getdikcə artır. Narahat insan isə məsuliyyətli insandır. Hər hansı mənada şəraiti də, imkanı da var. Amma cəmiyyətin gələcəyi ilə bağlı hansısa məsələ yerində deyilsə, onu düzəltməyə çalışır. Narazı insansa, ailədə də, işdə də, çöldə də narazıdır, gəlinindən də, oğlundan da narazıdır. Bu o deməkdir ki, insan öz həyat modelini qura bilməyib. Bunun da səbəbini daim başqa yerlərdə axtarır. Qonşusunda görür, evliliyində görür, qohumunda görür. Bizim ölkədə öz həyatını yaşayan insanların sayı minimum səviyyədədir, barmaqla sayılacaq qədərdir. Hamı oğlunun, qızının, gəlininin, qohumunun həyatını yaşayır, onun yükünü öz üzərinə götürür.

Bizdə ən böyük problemlərdən biri də moda ilə bağlıdır. Din də, geyim də, maşın almaq da, bulvarda gəzmək də modadır. İnsanlar öz istəyinə görə bunları etmir, başqasına acıq vermək, diqqətini çəkmək üçün həyatını bu cür təqdim edir. Bu gün Azərbaycanda müzakirə mövzularına diqqət yetirsək, görərik ki, insanlar ancaq başqalarının həyatını müzakirə etməklə məşğuldur, məsələn, sosial verlişlərə baxın, orada nə qədər məsuliyyətsiz insan var. Bu, aysberqin görünən tərəfidir. Bunun alt qatında daha çox insan var. Ailə məsuliyyətsizliyi, uşaq məsuliyyətsizliyi hər şey biri-birinə qarışıb. Yağış yağır, bu kimi hallarda təbiəti günahlandıranlar daha çox olur. Yer buz bağlayıbsa, gərək yeriyəndə ayağını yerə sağlam basasan ki, başqa problem olmasın. Təbii ki, burada başqa nüanslar da var. Səki normal deyilsə, yol çəkilir, yağış yağanda o suyun yoldan necə çəkilməsi nəzərə alınmırsa, burada da məmur günahkar olur. Əsas məsələ burada məsuliyyət daşıma məsələsidir. Heç kim heç nəyə görə ayrıca məsuliyyət daşımır. İki nəfər dünyasını dəyişdi, konkret bu məsələdə məsuliyyət daşıyan adamı tapmaq çətin olur. Burada 10-15 qurum birlikdə çalışıb və ən böyük təhlükə də budur. Hədsiz mərkəzləşmə aşağıda infrastrukturun düzgün qurulmasına imkan vermir. İşğaldan azad edilmiş ərazilərdə də biz bunu görürük. Nəzəri baxımdan evlər doğru tikilir, amma yerli sakinlər bilir ki, buradan sel gələ bilər. Tikinti şirkətləri, başqa qurumlar yerli sakinlərlə məsləhətləşmədən evlər tikirsə, sabah təbii ki, problemlər yaranacaq.

Bələdiyyələrə səlahiyyət verilməlidir, yerli strukturlar bu kimi işlərdə fəal iştirak etməlidir, körpünü, tuneli bələdiyyə çəkməlidir.  Respublika əhəmiyyətli hansısa yolu, tikintini mərkəzləşmiş qaydada etmək olar, amma konkret ərazilərdə bu kimi məsələləri bələdiyyələr həll etməlidir ki, məsuliyyəti də onlar daşısın. İndi məsuliyyət daşıyan qurum yoxdur. İcra hakimiyyətlərinin heç bir ciddi səlahiyyətləri qalmayıb, onların hansısa tikinti, yol infrastrukturuna müdaxilə etmək imkanları yoxdur. Amma kimin problemi olsa, icra hakimiyyətlərinə müraciət edir. Eyni zamanda sahibkarlar da bu məsələlərdə maraqlıdırlar, lakin hazırda onlara da bu imkanı yarada bilmirik.
 


- Qeyd etdiyiniz birbaşa praktiki sahədir. Belə çıxır ki, qanunvericilik də belə halların qarşısını ala bilməz.

 

- Qanunvericilik təşəbbüsü olanlar icra orqanları nə təklif edirsə, Milli Məclisdə onu müzakirə edir, qanun səviyyəsinə gətirir. Amma bunu icra edən necə edir? Prolemi yaxşı bilən onu kökündən həll edə bilər. Bir bələdiyyə məhəllənin problemini bizdən daha yaxşı bilir. Həmin bələdiyyələr üçün fond yaradılsa, problemlər də yerindəcə həll olunar. İndiki halda isə zibillərin yığılması belə şirkətlərə verilib. Biz qərar qəbul etdik, tullantıları lazımi yerlərə atmayan şəxslər cərimə olunacaq. Bəs həmin şəxslərin zibili atması üçün yetəri qədər imkan varmı? Yoxdursa, kimə müraciət edilməlidir? Bu suallara cavab tapmaq çətindir.
 

Siyasi partiyalara rəqabətyönümlü imkanların yaradılması istiqamətində müəyyən təkliflərimiz olacaq...
 

- İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq komitənin qarşıdakı fəaliyyəti ilə bağlı sual vermək istərdik: hansı qanun layihələri üzərində çalışırsınız, dəyişikliklər gözlənilirmi?
 

- Bizim komitə ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqlarını və dini qurumları əhatə edir. Bu sahələri tənzimləyən qanunvericilik normaları mövcuddur. Yeni bir qanunun qəbul edilməsi nəzərdə tutulmur, amma qanunvericilikdə müəyyən, yeni ortaya çıxan ictimai münasibətləri tənzimləmək üçün yeniliklər etməyə çalışacağıq. Eyni zamanda, özümüzün təşəbbüslərimiz olacaqsa, bunu da təqdim edəcəyik. Fikrimcə, biz bütün məsələlərə, eyni zamanda dini məsələlərə də dünyəvi dövlət modeli prizmasından baxmalıyıq. Dünyəvi dövlətin prinsiplərinə zidd gələ biləcək adət-ənənə, dəyərlər varsa, buna yenidən baxmağımız vacib olacaq. Heç bir amil dünyəvi dövlətin Konstitusyada nəzərdə tutulan prinsiplərini zədələməməlidir. Dini düşüncələrimizdə xurafat, cəhalət elementlərini yaradan bütün istiqamətlərin qarşısında qanunvericilik öz mövqeyini ortaya qoymalıdır. Bu olduqca vacibdir. Eyni zamanda, ictimai birliklərin rolunu artırmaq lazımdır. Baş verən hadisələr də onu göstərdi ki, vətəndaş cəmiyyəti insitutları yerlərdə aktivliyini artırmalı, güclənməlidirlər. Vətəndaşlarla birbaşa təmas quran qurumlar çoxalmalıdır. Evlərdə yetəri qədər əlil, ahıl insanlar var. Onların hamısı ilə dövlətin birbaşa maraqlanmağı mümkünsüz məsələdir. Dövlət həmin sahələrdə ixtisaslaşmış müvafiq qurum vasitəsi ilə köməyini göstərə bilər. Həmin qurumlar işləməyəndə və ya mövcud olmayanda  ahıl, əlil insanlar diqqətdən kənarda qalır. Bu da onu göstərir ki, biz vətəndaş cəmiyyəti insitutlarının rolunu, imkanını artırmalıyıq. Hər bir şeyi dövlətdən ayrılan vəsait hesabına həll etmək mümkün deyil və bu, məsələnin çözümü hesab edilə bilməz. Bu da öz növbəsində xeyriyyəçi qurumların aktivləşməsinə ehtiyac yaradır və biz qanunvericilikdə həmin imkanların genişlənməsini düşünürük.

Siyasi partiyalara gəldikdə isə onlar üçün daha rəqabətyönümlü imkanların yaradılması istiqamətində müəyyən təkliflərimiz olacaq. Digər tərəfdən, Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətində aktiv iştirak etməyi düşünürük. Onların tədbirlərində, təşəbbüs və təkliflərinin dəyərləndirilməsində rol almaq istəyirik. Çünki yuxarıda nəyisə hazırlamaq o qədər də effektiv deyil. İctimai dinləmələr və başqa bu kimi addımlarla onların təkliflərini alıb, dəyərləndirib, qanunvericilikdə əks etdirməyə çalışacağıq. Əsas fəaliyyət istiqamətimiz bu olacaq, eyni zamanda, gələcəkdə də yarana biləcək məsələləri həll etməyə çalışacağıq.
 

QHT-lərin qeydiyyatını süni yollarla sıxışdırmaq yolverilməzdir...
 

- Uzun illərdir ictimai birliklərin qeydiyyatdan keçməsi məsələsi cəmiyyətdə geniş şəkildə müzakirə olunur. Yeni QHT-lərin qeydiyyatdan keçməsi çətin prosesə çevrilib. Bununla bağlı yanaşmanız və onlara dəstəyiniz nədən ibarət olacaq?
 

- İcra orqanları qeydiyyatdan keçmiş Qeyri-Hökumət Təşkilatlarının reyestrdən keçməsini tələb edirlər. Burada haqlı yanaşma məsələsi var. Çünki elə təşkilatlar var ki, 10 ildir yaranıb, amma heç bir fəaliyyətləri yoxdur və yaxud rəhbəri tamamilə fərqli işlərlə məşğuldur. Daha canlı, dinamik fəaliyyət göstərən QHT-lər modelinin  mövcud olması üçün gələcəkdə ictimai dinləmələr aparmağı düşünürük.

Beləliklə, onların tələblərini öyrənərək və həmin tələblər əsasında qanunvericiliyə mövcud məsələni asanlaşdıran, təşkilatların fəallığını artıra biləcək müddəalar sala bilərik. Cəmiyyətin əsas dayağı vətəndaş cəmiyyəti, Qeyri-Hökumət Təşkilatlarıdır. Vətəndaş cəmiyyəti fəal olmayan ölkələrdə vətəndaş təşəbbüsü də zəif olur. Siyasətdən uzaq insanların siyasi partiyalarda birləşməyə marağı olmur, amma vətəndaş cəmiyyətinin fəaliyyəti müəyyən dərəcədə onların həyat tərzinə daha uyğun olur. Biz bunu Qarabağda da gördük. Dünyaya vətəndaş cəmiyyətlərinin ekoloji sahədə olan həssaslığını qabardaraq çıxdıq. Dünya səviyyəsində bizim aça bilmədiyimiz qapıları, bir çox hallarda vətəndaş cəmiyyəti aça bilir. Gələcəkdə də sülh müqalivəsi, qarşılıqlı dialoq kimi bir çox məsələ olacaq ki, burada da vətəndaş cəmiyyətinin mövqeyi mütləqdir. Cəmiyyətlə bu insitutlar işləyir və onların olmaması bizə gələcəkdə çox əziyyət verə bilər.

Qeydiyyatdan keçmə məsələsinə gəlincə, burada başqa problemlər olmamlıdır, hansısa Qeyri-Hökumət Təşkilatının və ya ictimai birliyin qeydiyyat məsələsində süni yollarla sıxışdırılması yolverilməzdir. Həmçinin bəzi nüanslar da qeydiyyatdan keçmək məsələsini çətinləşdirir. Bura tövsiyə məktublarını filan aid etmək olar. Belə şeylər olmamlıdır. Vətəndaş cəmiyyətini çox da sərt intizam qaydasında saxlamaq düzgün deyil. Prinsipcə də onlar siyasətlə məşğul olmayan, konkret sahəni əhatə edən vətəndaş mövqeyini göstərirlər. Bu cür təşkilatların yaranmasında maraqlı olmaq lazımdır, çünki vətəndaş cəmiyyətləri vətəndaşların fəallığını təmin edir. Fəal olan vətəndaş, həmçinin dövlətin siyasətinin müdafiəçisidir, dövlətin yükünü azaldandır. Bu cür həssas vətəndaşlara vəzifə vermək dövlətin də xeyrinədir.
 


- Fazil müəllim, bizdə QHT-lərin xaricdən qrant alması məsələsi xeyli sərtləşdirilib. Amma bunun obyektiv səbəbləri var. Necə düşünürsünüz, bu istiqamətdə problemləri həll etmək olacaqmı?

 

- Biz işğaldan azad olunmuş ərazilərin minaların təmizlənməsi üçün Avropadan donor təşkilatların çox az bir qismini cəlb edə bildik. Azərbaycanın məsələsidir deyə maraq göstərilmir. Daha sonra Qarabağa vurulmuş maddi ziyan məsələləri QHT-lər tərəfindən qaldırsa da, buna laqeyd yanaşıldı. Biz humanitar məsələlərə yanaşmanı siyasi məsələlərə yanaşmadan fərqləndirməliyik. Mina təmizləmə  və ya ekologiya ilə bağlı məsələrdə hansısa QHT qrant ala bilirsə, bu bizim ümumi işimizin xeyrinədir. Bütövlükdə isə siyasi məsələlərə, hansısa öhdəliklə xarici xüsusi xidmət orqanlarının maraqlarına xidmət edən media və ya başqa qurumların fəaliyyətinə dövlət haqlı olaraq məhdudiyyətlər qoymalıdır. Biz elə bölgədə yaşayırıq ki, ən əsas prioritet təhlükəsizlik məsələsidir.


Parlamentdə hələ də müxalifət fraksiyası yaradılmayıb...
 

- Siyasi təşkilatların aktivliyi bizim ölkədə özünü çox da göstərə bilmir. Bu təşkilatların rəqabətə davamlı mühitdə inkişaf etməsi üçün hansı addımlar atmağı düşünürsünüz?
 

- Siyasi təşkilatların aktivliyinin artırılması üçün proporsional seçki sisteminə keçmək lazımdır ki, təşkilatlar arasında partiya proqramının, partiya kursunun rəqabəti olsun. Bizdə majoritar seçki sistemi buna imkan vermir. Seçkidə fərdi olaraq iştirak edirsən və partiya rəqabəti görünmür. Öncəlik seçki modeli üzərində partiya rəqabətini qurmaqdır. Məsələn, bələdiyyə seçkiləri partiya sistemi ilə seçkini keçirsə, bu sahədə çox inkişaf görə bilərik. Parlament seçkilərini də önümüzdəki illərdə buna keçirmək olar. Yəni partiya modelli rəqabət lazımdır. İkincisi, insanların partiyalara, siyasətə meyilliliyi də azalıb. Artıq siyasət vasitəsilə problemlərin həlli prespektivini görmürlər. Vətəndaşları fəallaşdırmaq istəyiriksə, imkanları genişləndirməliyik. Partiyaların təşəbbüskarlığına imkan verməliyik. Parlamentdə hələ də müxalifət fraksiyası yaradılmayıb. Bu olsa, alternativ proqram, büdcə layihəsi ortaya çıxarmaq mümkün olar. Alternativlər olan yerdə doğru fikirə gəlmək mümkündür.

Təbii ki, bu mərhələyə gəlmək üçün tələsməmək lazım idi, amma indi Qarabağ azad olunub, ölkə bütövləşib. Bizi xaricdə heç bir təhlükə gözləmir, artıq daxildə bu məsələlərin yekunlaşmasına, müəyyən yolların açılmasına, hüquq və azadlıqların genişlənməsinə tədricən yönəlməliyik. Bir ölkənin tərəqqisi insan faktorundan aslıdır. Biz həmin faktoru ikinci plana ata bilmərik. Eyni zamanda cəmiyyətdə seçilən, onu yönləndirəcək adamlar tapmaq da çətinləşib. Çünki hamı kütlənin düşündüyünü təsdiqləməklə məşğuldur və heç kim kütləyə qarşı gəlmək istəmir. Ancaq inkişafın əsas amili kütləyə qarşı gəlməkdir, təftiş bacarığıdır. Bu gün hər sahədə önə çıxan bir – iki insan var, amma bu qədər az adamla nə etmək olar? Onların sayı çox olduqda hamı ən yaxşısını görəcək. İxtisaslaşmış yanaşma çox önəmlidir. Bu gün zəlzələ olur, yağış olur onun haqqında ciddi mülahizə bildirəcək neçə nəfəri danışdıra bilirik? Qurban Yetirmişli və Umayra Tağıyeva, vəssalam, başqası yoxdu...  

Dinlə bağlı da həmçinin. Dinlə bağlı çıxır kimsə danışır, digərləri də başlayır onu təhqir etməyə, amma sağlam yanaşma ilə çıxış edən adam tapmaq çətindir.  Bu gün əksəriyyət özünü dinin qoruyucusu hesab edir. Həmin insanlar özünü islah etmək, ibadət etmək, dəyər qazanmaq haqqında düşünmür. Onlar Allahı qorumaq missyasını üzərlərinə götürürlər. Özlərini tərbiyə edə bilmirlər, ancaq hansısa fikir deyiləndə keçirlər din mövqeyində həmin adamı “qılınclamağa”. Problem də odur, sən özünə aid olan sahədə mütəxəssis olanı dinləməlisən ki, digər məsələlərdə də artıq buna alışasan. Təəssüf ki, bizdə bu, yoxdur və gələcəkdə bu problemi daha çox yaşayacayığ.
 

Dini müstəqilliyimiz tam şəkildə bərpa olunmayıb...
 


- Çox maraqlı məqama gəldiniz: Sizcə elm adamları kütlədən niyə qorxur?

 

- Həmişə kütlənin qarşısına çıxmaqdan çəkinən insanlar olub. Açıq deyim, bugünkü nəsil 19-cu əsrdəki nəsildən daha qorxaqdır. 19-cu əsrdə Mirzə Fətəlini rus sistemi qoruyurdu, yoxsa qaraguruh onu öldürmüşdü? Eyni zamanda Mirzə Şəfi və başqalarını. Rus sistemi onları şəriət sisteminin qətlindən qorudu, amma onları qoruyan sistem də təəssübkeş, milli deyildi. Bizim isə dövlətimiz var. Dövlət özü də dünyəvi dövlətdir, bəlli prinsipləri, dəyərləri və Konstitusiyası var. Dövlət bu məsələdə hər bir vətəndaşın arxasındadır. Təbii ki, vicdan azadlığını da təmin edir. Fikir verin, vicdan azadlığı ən çox harada təmin edilir? Dünyəvi dövlət olan yerdə. Dövlət dinlə idarə olunduqda vicdan azadlığı təmin olunmur. Çünkü burada plüralizm yoxdur, başqa fikrə hörmət yoxdur. Biz deyirik ki, dünyəvi dövlətik, sekulyarizm əsas seçimimizdir və din azadlığı da dövlətin siyasətinin içində olmamalıdır. Din azadlığı sənin fərdi azadlığındır. Başqasına da müdaxilə olmamalıdır, sən öz daxilində olan inancı başqasının da həyat tərzi kimi seçə bilmərsən. Biz Əfqanıstan, İran modelini Azərbaycanda görmək istəmirik və bunu görmək istəməyən çox adam var. Amma cahillikdən buna imkan yaratmaq istəyən çox adam var. 70-ci illərdə bayaq adını çəkdiyim ölkələrdə də vəziyyət belə idi və cəmiyyətin ziyalı təbəqəsi düşünürdü ki, həmin cahillərə heç kim inanmaz. Amma 10 il sonra inqilablar baş verəndə anladılar ki, bütün həyatları çevrilib. Ona görə də biz bunlara yol verməməliyik. Biz dünyəvi dövlətimizin prinsiplərini qorumalıyıq ki, dinimiz qorunsun. Məscidə gedən insanlar rahatlıqla namazını qıla bilsin, kimsə o məscidi gəlib partlatmasın, kimsə dinlə bağlı fikir bildirdiyi üçün həyatı təhlükəyə girməsin. Amma imkan olsa, ölkəmizdə dini düşüncələrini ifadə etdiyi üçün qarşısındakı insanı güllələyəcək yetəri qədər adam var. Mən dəfələrlə demişəm, bizdə “5-ci kolon” yoxdur, bizdə “cəhalət kolonu” var. Bu kolon Azərbaycanın gələcəyi üçün böyük təhlükədir. O, başqa yerdən idarə olunur, bizim siyasi müstəqilliyimiz, ərazi bütövlüyümüz tam şəkildə bərpa olunub, amma dini müstəqilliyimiz yox. Kənardan bunu idarə edən elementlər daha çoxdur. Bizə ən böyük zərbə buradan gələ bilər. Biz də o boşluğu görə bilirik. Ona görə də ziyalılar, düşünən insanlar təhlükəni görüb mövqe bildirməlidirlər. Bu cür insanlar isə çox azdır və dövlət onları daha qətiyyətli şəkildə qorumalıdır, dəstək verməlidir. Biz bu ölkəni asanlıqla qurmamışıq və onu cəhalətə, xurafata, nadanlığa qurban verməməliyik.
 

- Qeyd etdiyiniz məqamlarla bağlı qanunvericilikdə hansısa dəyişikliklər ola bilərmi?
 

- İnsanın inancı məsələsini qanuna gətirmək mümkün deyil. Maarifçilikdir bu... Cəmiyyət üçün aydın, düşünən adam yetişdirməliyik. Hansısa ruhani sinfi yetişdirmək üçün səylərimizi ortaya qoymağımızın bir mənası yoxdur. Cəmiyyət dinini də öyrənəcək, biləcək. Biz möhvumat, xürafat elementi ilə mübarizə aparmalıyıq. Ona qarşı da mövqeyimiz açıq olmalıdır. Təbii ki, yenə də cahilliyin arxasınca gedən insanlar olacaq, amma az olacaq.  Sən universiteti gücləndirməsən, mədrəsən güclənəcək. Orta məktəbi gücləndirməsən, fanatik kütlə, narkoman güclənəcək. Bu anlayışlar biri-birinə tərs mütənasibdir. Məktəb güclüdürsə, kriminal, dini fanatizim, narkomaniya azalacaq. Məktəb zəifdirsə, çoxalacaq. İndi təəssüf ki, bu, çoxalmaqdadır. Biz təhsili, elmi bilikləri gücləndirməliyik. Biri var insan elmə meyillənsin, biri də var mistikaya. Azərbaycan cəmiyyətində mistik düşünən insanların sayı kifayət qədər çoxalmaqdadır. İnsan Həccə gedir, amma niyə getdiyinin mənasını bilmir, sadəcə görür dəbdi – çox insan gedir. İnanca görə gedənlər olsa da, xeyli hissə onun fərqinə varmadan gedir. Hələ də pirlərə gedənlər var. Bu kimi şeyləri 21-ci əsrdə unutduğumuz, geridəqalmış məsələlər kimi görməliyik. Amma biz bunu görə bilmirik deyə, təhlükə kimi qalmaqda davam edir. Biz bunları təhlükə kimi qəbul edib həqiqi dindarların, inancı olan şəxslərin vicdan azadlıqlarını təmin etməliyik.
 

Din insanı kamilləşdirmək yerinə bəzən vəhşiləşdirir...
 

- Azərbaycan dini kəsimində Hacı Şahin obrazı yaradılmışdı. Hacı Şahinin vəfatından sonra onu əvəzləyəcək birini görürsünüzmü?
 

- Dində şəxs kimisə əvəzləmir. Dində ən böyük dəyər, əmanət Qurani-Kərimdir. Bu müqəddəs kitab üzərindən düşünən müsəlman heç vaxt özünü məzhəbə, təriqətə bölmür və ya hansısa şəxsin dalınca sürünmür. Bu, artıq düşünən insan ilə hansısa dəyərləri özü üçün əzbərləyən insanın fərqini ortaya qoyur. Biz şəxslər arxasınca gedən cəmiyyət yaratmamalıyıq, din sahəsi elədir ki, ortaya 10 nəfər çıxarsaq, hamısı fərqli fikir deyəcək. Fikir də elədir ki, insan ona görə ölümə də gedir. Amma nəzərə almaq lazımdır ki, həmin fikirlər də zamanla dəyişə bilər. Dinə görə 9-cu əsrdə xeyli insanı öldürdülər, kitabxanaları yandırdılar. 21-ci əsrdə böyük Budda heykəlini uçurdular. Buna insanlıq və bəşər mövqeyindən baxanda tək ad vermək olur – vəhşilik. Din insanı kamilləşdirmək yerinə bəzən vəhşiləşdirir. Bunu səhv yanaşma edir, şəxsin dalınca getmək edir. İnsanlar özünü dinin qoruyucusu hesab edir. Sanki üzərlərində dini qorumaq missiyası var. Bəzi insanlar vətənsevərlik adı ilə vətənşivənlik edirlər. Bəziləri elə düşünürlər ki, sanki dini qorumaq və ya qadın hüquqlarını qorumaq sadəcə bunlara aid məsələdir. Amma din qoruyuculuğu məsələsində bunu həyata keçirmək mümkün deyil. Allah öz dinini qoruyur. Cəmiyyətə bu anlayışı öyrətmək lazımdır - şəxs dalınca getməyin. Bəzən mənə də deyirlər, biz sizin fanatınızıq. Mən də deyirəm, çox nahaq. Bəlkə mənim fikrim dəyişəcək. Heç bəzən 20 il əvvəlki fikrimlə bugünkü fikrim üst-üstə düşmür. 20 il əvvəl yazdığım kitablarda İslam nöqteyi-nəzərindən dəyərləri müdafiə edirdim, indi isə nə insanidirsə, onu İslama aid edirəm, nə insani deyilsə, onu İslama aid etmirəm. Demək istədiyim odur ki, dəyərlərin üzərində artıq dəyişim var. İnsanın 10 il qabaq oxuduğu kitabla indiki mütaliəsi fərqlənirsə, demək fikirləri də dəyişir. Bu baxımdan biz Azərbaycan cəmiyyətini dini sinifləşmədən çıxarmalıyıq.
 

- Belə bir fikir var ki, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadədən sonra bu qurum fəaliyyətini dayandıracaq. Siz bu haqda nə düşünürsünüz?
 


- Qafqaz Müsəlmanlar İdarəsi böyük bir icmadır və qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçib. Bu qurumun qalıb-qalmaması icmanın üzvlərinin qərarından aslıdır. Bizim bu haqda nəsə deməyimiz doğru deyil. Amma bir şeyi qeyd edim ki, bu yaxınlarda Allahşükür Paşazadə ilə birlikdə Özbəkistan səfərində olduq və görünən odur ki, onun kifayət qədər nüfuzu var. Kifayət qədər də işlər görür. O, ölkəmizdə dinin hədsiz məzhəbləşməsinin və radikallaşmasının qarşısında əsas maneələrdən biridir. Onun çevrəsində ayrıca Xristian, Yəhudi Məşvərət Şurasının yaradılması, müəyyən hadisələrə müdaxilə etməsi dini radikalizmin qarşısını alır. Onun fəaliyyəti və nüfuzu bir növ bəzi təhlükələrin qarşısını alır. Qafqazla bizim əlaqələrimizin qalmasının da əsas səbəbi Şeyxdir. Bəzi məsələləri siyasətlə həll etmək olmur, o zaman bu cür insanların olması önəmlidir.
 


- Allahşükür Paşazadənin yolunu davam etdirəcək kimi görürsünüz?

 

- Müqəddəs yer boş qalımır. Hər bir cəmiyyətdə zəif və ya güclü adamlar çıxır. Burada da eyni vəziyyətdir. Mən şəxslər üzərində hansısa sistemin qurulmasının lehinə deyiləm. Şəxslər əbədi deyil, müəssisə önəmlidir. Həmin müəssisəni yaxşı qurmaq lazımdır. Təbii, bəzən şəxsin də önəmi danılmaz olur.
 

- Rəhbərlik etdiyiniz komitə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İlahiyyat İnsitutu ilə münasibətləri hansı istiqamətlərdə inkişaf etdirməyi düşünür? Ümumiyyətlə, bu qurumların işini necə dəyərləndirirsiniz?
 

- Son illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyəti kifayət qədər genişlənib, ən vacib qurumlardan birinə çevrilib. Kifayət qədər müsbət işlər görürlər. Bu sahədə analitik materiallar hazırlayıb dövlət rəhbərliyinə təqdim edirlər. Maarifçilik işləri ilə məşğul olurlar. Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb və sair. Üstəlik ən böyük nailiyyətlərin biri İlahiyyat İnistutunun yaradılmasıdır. Burada da kifayət qədər savadlı rəhbərlik, kadrlar var. Onlar da din sahəsində daha savadlı, hazırlıqlı kadrların yetişməsini təmin edirlər. Bizim həmin qurumlarla kifayət qədər yaxşı münasibətimiz var. Qanunvericilik baxımdan onların təklif və tövsiyələri bizim üçün önəmlidir. Əlaqələrimiz kifayət qədər sağlam əsasda qurulub və sonrakı iş prosesində də bunu inkişaf etdirməyi düşünürük.
 

- Zaman-zaman biz Qafqaz Müsəlmanlar İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında müəyyən mübahisələrin şahidi olmuşuq. Məsələn, müəyyən səlahiyyətlərin birindən alınıb digərinə verilməsi, birinin axund, digərinin şeyx adlandırılması və sair kimi mövzular ixtilaflara səbəb oldu.
 

- Bu kimi məsələlər əsasən dövlətin tənzimlədiyi məsələlərdir. Dövlət Azərbaycan üçün ən spesifik modeli yaratdı. Bu qurumlar dini qurum kimi, dinə nəzarət edən qurum kimi yaradılmayıb. Onların yaranmasında əsas məqsəd vicdan azadlıqlarının təmin olunmasıdır. Bizim ölkəmizdə din dövlətə qarışmır, dövlət o zaman müdaxilə edir ki, qarşı tərəf öz hüdudlarından çıxıb dövlətin işinə qarışmaq istəyir, dini siyasiləşdirir. Ona görə bizim komitənin əsas işi dini qurumlarla münasibətlərini sağlam zəmində qurmaqdır. Bu prinsipləri pozduqda, vicdan azadlığı hüdudlarından kənara çıxanda onda komitə müdaxilə edir. Bu hüdudlardan kənara çıxılması doğru deyil, bizdə şəriət qanunları ilə idarə olunan sistem yoxdur, olması da mümkün deyil. Biz dünyəvi dövlətik və onun prinsiplərinin biri də dindarların vicdan azadlığının təmin etməkdir. Təbii ki, həmin adamların kiçik bir kütləsi vicdan azadlığını hansısa şəkildə dövlətə qarşı silah olaraq istifadə edirsə, onda bunun qarşısında müəyyən çəpər qoyulur. Biz də dövlətə qarşı olan bütün qüvvələrə qarşıyıq.
 

- Azərbaycanın hər rayonunda, hətta hər qəsəbəsində az qala dini adət-ənənlər fərqlidir. Bir növ dinin bu qədər fərqli qəbul edilməsi separatçılıq yarada biləcək səviyyəyə də gələ bilər. Amma görünən odur ki, gəlmir. Yəhudilər deyir ki, bizi din ayırdı, vicdan isə birləşdirdi. Bəs bizi birləşdirən nədir?
 

- Azərbaycan kimi cəmiyyətlərdə birləşdirici qüvvə dövlətdir. Hegel deyirdi ki, ailə tezisdir, cəmiyyət anti-tezisdir, dövlət sintezdir. Ailədə ortaq maraq olur, cəmiyyətdə isə əksinə, hər kəsin öz maraqları olur. Cəmiyyət dövlət olmayanda, o maraqlar daim toqquşur. Dövlət fərqli maraqları uzlaşdırır. Bizi də indiki vəziyyətdə birləşdirən tək dəyər dövlətdir. Dövlət elə mükəmməl olmalıdır ki, cəmiyyət hər cür fərqlilikləri birlikdə yaşaya bilsin. Başqa modeldə bizim birləşməyimizin yolu yoxdur.
 

- Sizə qarşı dini terrorçular sui-qəsd edir. Sonra siz Milli Məclisdə İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilirsiniz. Mübarizənizi davam etdirəcəksinizmi, bu mövzuda narahatlığınız varmı?
 

- Bu sahə mənə yad deyil. Narahatlığa gəldikdə isə bizim həyatımız onsuz da onun üzərində  qurulub. Biz narahatlıqdan çəkinərək fəaliyyətimizdən imtina edə bilmərik. Mənim əsas hədəfim Azərbaycan dövlətinin faydasına olan məsələləri gündəmdə tutub və o sahədə gücüm töhfəni verməkdir. Bunu komitə rəhbəri olaraq da edə bilərəm, sıravi depuatat kimi də, adi vətəndaş kimi də. Bu baxımdan harada olmaq önəmli deyil. Əsas  vizyon sahibi olmaqdır. Bu gün təkcə sədri olduğum komitə ilə bağlı deyil, sosial, siyasi sahələrdən də mənə suallar ünvanlanır. Həmin şəxslərə də cavab verirəm. Mənim üçün artıq spesifik sahə yoxdur. Harada fayda verə biləcəyim məsələ varsa, onu həll etməyə çalışıram. Həmin komitəyə gəlməyimi təsadüf hesab etmirəm. Bunu etimad kimi qiymətləndirirəm, çünki yeganə müxalifət partiyasının rəhbəriyəm ki, hakim partiya və bitərəflərin dəstəyi ilə komitə sədri vəzifəsinə seçildim. Bu həm də cəmiyyətdə sənin fikirlərinə, missiyana olan münasibətdir. Kiçik bir etimad olduqda belə onu doğrultmaq üçün əlindən gələni etməlisən. Mən də öz işimdəyəm, əvvəlki formada açıq fikirlərimi söyləyirəm. Məsələlərə komitə sədri kompleksləri ilə deyil, dövlətçilik ənənələri ilə yanaşıram.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də